Azərbaycanda ildə neçə uşaq alveri faktı qeydə alınır? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda ildə neçə uşaq alveri faktı qeydə alınır? – RƏSMİ AÇIQLAMA
Bütün Xəbərlər
14:54 29.06.2012
1361
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) “İnsan alverinin qurbanı olmuş uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib. AZXEBER.COM-un məlumatına görə, tədbirin əhəmiyyətini vurğulayan AQUPDK sədrinin müavini Aynur Sofiyeva insan alverinin bu gün dünya ictimaiyyətini narahat edən bir məsələ olduğunu bildirib. O qeyd edib ki, bu problemə Azərbaycanda da təsadüf olunur: “Statistik rəqəmlərə görə, ölkədə il ərzində təxminən 4-5 uşaq alveri faktları qeydə alınır. Lakin bir faktın olması da bizi narahat edir”. A. Sofiyeva bildirib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması və daha da təkmilləşdirilməsi üçün görülən işlər haqqında geniş hesabat hazırlanıb və BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edilib. Komitə həyata keçirilmiş işləri yüksək qiymətləndirib və Azərbaycana əlavə tövsiyələr verib: “Bu tövsiyələr əsasən bəzi qanunların təkmilləşdirilməsi ilə bağlıdır”. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nümayəndəsi Fuad Əliyev deyib ki, bu məsələnin həll olunması üçün ilk növbədə uşaqların baxımsızlığına və kimsəsizliyinə şərait yaradan səbəblər aşkar edilməli, onların aradan qaldırılması istiqamətində konkret tədbirlər həyata keçirilməlidir. Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri toplantıda mövzu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.
OXŞAR XƏBƏRLƏR