Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahı Teatrında “Yaxşıların yaxşısı” milli mükafatının təqdimat mərasimi keçirilib.
AZXEBER.COM-un məlumatına görə, mərasimdə “Rast” muğamının müasir xanımlar arasında ilk qadın ifaçısı olan, Respublikamızın Əməkdar artisti Bəsti Sevdiyeva muğam sənəti sahəsindəki uğurlarına və səmərəli fəaliyyətinə görə “İlin ən yaxşı xanəndəsi” mükafatına layiq görülüb.
Mükafatla bağlı öz təəssüratlarını AZXEBER.COM-la bölüşən xanəndə bildirib ki, 2012-ci ilin ötən dövrü onun üçün çox uğurlu olub: “Bir neçə həftə bundan əvvəl, Şimali Kiprin Doğu Akdeniz Universitetində solo-konsertim baş tutdu. Bundan əvvəl isə Beynəlxalq Muğam Mərkəzində solo-hesabat konsertim olmuşdu. Son illər dayanmadan çalışıram. “İlin ən yaxşı xanəndəsi” mükafatına layiq görüldüyüm üçün isə çox sevinirəm. Ümümiyyətlə, mənim üçün mükafatın kiçikliyi və ya böyüklüyü deyilən bir söz yoxdur. Bu günə qədər qazandığım bütün mükafatlar mənə əzizdir. Bu mükafatı əziyyətimin bəhrəsi kimi qiymətləndirərdim. Zəhmətimin qarşılığını görmək mənə əlavə stimul verir. Dövlətimin bu sahəyə olan diqqət və qayğısını, xüsusilə də ölkəmizin birinci xanımı M.Əliyevanın bu sahənin inkişafı üçün göstərdiyi xidmətləri bir muğam ustası olaraq alqışlayıram. Fürsətdən istifadə edib, bu mükafata məni layiq gördüklərinə görə təşkilatçılara xüsusi təşəkkürümü bildirirəm və eyni zaman da mənimlə yanaşı “Yaxşıların yaxşısı” mükafatına layiq görülənləri ürəkdənb təbrik edirəm. Zənnimcə, özünü sənətçi hesab edən şəxs məhsuldar olmalı, dayanmadan çalışmalıdır. İnanıram ki, bu mükafatı “İncəsənət və Mədəniyyət Universitetin”də yetişdirdiyim tələbələrim də bir gün qazanacaqdır. Sonda fikirimi, Ulu öndərimiz H.Əliyevin “Mən fəxr edirəm ki Azərbaycanlıyam cümləsi ilə bitirmək istərdim”.
Muğamlarımızın və xalq mahnılarımızın bənzərsiz mahir ifaçısı Bəsti Sevdiyeva həmçinin, payızda növbəti konsertini planlaşdırdığını da söylədi.Cəfər Mənsimi