Bu gün paytaxt Bakıda danışıq kartlarının qiymətinin qalxması müşahidə olunub.
Oxucuların AZXEBER.COM-un redaksiyasına ünvanladıqları məktublarda paytaxt ərazisində satılan danışıq kartlarının qiymətində 20 qəpik artım olduğu bildirilib. Redaksiyaya daxil olan məlumatın ardından portalımızın əməkdaşı şəhərdəki satış obyektlərində vəziyyətlə tanış olub. Satıcılar qiymətlərin ötən gecədən artırıldığını söyləyiblər. Adının açıqlanmasını istəməyən satıcının sözlərinə görə, qiymət artımı şirkətlərin qoyduqları qiymətlərə görə belədir: “Hazırda biz konturları bu qiymətə satmağa məcburuq. Çünki əvvəl biz 1 manatlıq danışıq kartını 0,98 AZN-ə alırdıqsa, artıq bu rəqəm artıb. Hazırda biz danış kartlarını 1,20 AZN-ə satırıq. Təbii ki, bu halın baş verməsini biz də istəmirik. Qiymət artımı mobil operatorların qoyduqları topdan satış qiymətlərinin artması ilə əlaqədardır”. Bəzi satış nöqtələrində isə hələlik qiymətlər əvvəlki qaydada qalır. Artımlar daha çox “Qasid”lərdə və küçə satıcılarında özünü büruzə verir.
Qeyd edək ki, artımın davam edib-etməyəcəyi müəmmalı olaraq qalır. Mobil operatorlardan isə, hələlik heç bir rəsmi açıqlama yoxdur.