'Azərbaycanda medianın vəziyyəti' mövzusunda beynəlxalq tədbir keçirildi - FOTOLAR
Bütün Xəbərlər
12:18 20.09.2012
1421
Sentyabrın 19-da Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) təşkilatçılığı ilə Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində “Azərbaycanda medianın vəziyyəti” mövzusunda beynəlxalq tədbir keçirilib. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanla yanaşı, Almaniya, Rumıniya, Türkiyə, İngiltərə, Moldova və İspaniyadan 35 nəfərədək gənc iştirak edib. Gəncləri salamalayan AGAT sədri Gülsel Səfərova layihə haqda məlumat verib və mediayla bağlı panelin önəmindən danışıb. Ekspert qismində Azxeber.com informasiya portalının təsisçisi və baş redaktoru Hacıbəy Heydərli,Qaynar.info xəbər saytının baş redaktoru Fərid Şahbazlı və jurnalist Allahverdi Şəfiyev iştirak edib. Azərbaycanın medianın vəziyyətindən danışan Hacıbəy Heydərli qeyd edib ki, bu gün ölkəmizdə medianın inkişafı üçün hər cür şərait yaradılır: “Azərbaycanda KİV-lər müstəqil fəaliyyət göstərir, heç bir senzura yoxdur. Qəzetlərin, internet portalların sayı hər keçən gün daha da artır. Bu da medianın inkişafına gətirib çıxarır. Azxeber.com portalı 3 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddətdə heç bir təzyiq, hədə-qorxu olmayıb. Bu da Azərbaycanda onlayn medianın azad olması deməkdir. Bir neçə ay öncə “Freedom House” də öz hesabatında qeyd etmişdir ki, Azərbaycan interneti azad olan ölkələr sırasındadır”. Fərid Şahbazlı da Azərbaycan mediasının vəziyyətindən danışarkən qeyd edib ki, Azərbaycanda kifayət qədər müxalif və iqtidar yönümlü qəzetlər fəaliyyət göstərir. O həmçinin bildirib ki, jurnalistlər bəzi hallarda adlarından sui-istifadə edirlər: Çox təəsüf ki, bəzi hallarda şahidi oluruq ki, jurnalistlər özlərini məmur kimi aparırlar. Hara gəldi icazəsiz daxil olmaq istəyirlər, qanunlara riayət etmirlər. Çox təəsüf ki, bu da bəzi hesabatlarda qərəzli olaraq qeyd edilir. Ancaq mən deyə bilərəm ki, bu gün ölkəmizdə jurnalistlərə qarşı heç bir təzyiq yoxdur, onlar müstəqil fəaliyyət göstərirlər. Bir şeyi də qeyd edim ki, Azərbaycan çox gənc və zəngin ölkədir. Belə olan təqdirdə Azərbaycanı sevənlər qədər, sevməyənlər də çoxalır. Sizə məsləhətim budur ki, Azərbaycanla dost olasınız”. Allahverdi Şəfiyev isə televiziyada xəbər hazırlanmasından, prinsiplərdən danışıb. O qeyd edib ki, hər xəbəri efirə vermək düzgün deyil. Daha çox Avropa ölkələri haqda reportajlar hazırlağını deyən Şəfiyəv qeyd edib ki, Avropa ölkələrində kifayət qədər problemlər var və bunlar onun reportajlarında öz əksini tapır. Diskussiya şəraitində keçən görüş 4 saata yaxın davam edib. Qonaqlar sonra avropalı gənclərin suallarını cavablandırıb.