Azərbaycanda məmurlar ən çox hansı xəstəlikdən əziyyət çəkir?

Azərbaycanda məmurlar ən çox hansı xəstəlikdən əziyyət çəkir?
Bütün Xəbərlər
02:10 20.11.2015
1600

“Azərbaycanda vəzifəli şəxslərin çoxunda şəkər xəstəliyi var”.

Bu barədə  tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Tanınmış həkimin sözlərinə görə, vəzifəli şəxslərin əksəriyyəti oturaq iş gördükləri üçün az hərəkət edirlər. Bu da piylənmə və bəzi xəstəliklərin yaranmasına gətirib çıxarır.

“Vəzifəli şəxslərin bəziləri çoxlu qida qəbul edir, amma az hərəkət edirlər. Qida qəbulundan sonra hərəkətin az olması bədəndə kalorinin toplanmasına, artıq çəkiyə, piylənməyə və şəkərli diabetin yaranmasına gətirib çıxarır. Orqanizmdə maddələr mübadiləsinin pozulması müəyyən xəstəliklərin yaranmasına zəmin yaradır. Odur ki, vəzifə sahiblərində ən çox şəkərli diabet xəstəliyi mövcuddur”,-deyə həkim qeyd edib.

A.Qeybulla əlavə edib ki, vəzifəli şəxslərdə ürək damar xəstəlikləri və xolestrinin çoxluğundan damarların tıxaclanması kimi problemlər müşahidə olunur.

“Etiraf etmək lazımdır ki, bizdə məmurların bir çoxu camaat içinə çıxaraq idman etməyi kompleks hesab edirlər. Ara-sıra bulvarda görünən şəxslər olur, amma bu kütləvi xarakter daşımır. Xaricdə isə nazirlər küçədə velosiped sürür və kütləvi idmana qarışırlar. Ümumilikdə bizdə insanların bir çoxu passiv həyat tərzi keçirir”.

Aparılan müşahidələr zamanı məlum olub ki, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə vəzifəli şəxslərin çoxunda şəkər xəstəliyi mövcuddur. Ekspertlər hesab edirlər ki, bu, onların gərgin iş rejimi və stresslə əlaqədardır. (azvision.az)

OXŞAR XƏBƏRLƏR