Avqustun 8-i saat 18.00-ə olan məlumata görə, daha bir prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.Namizədlərin sayının daha da artıb-artmayağına münasibətini bildirən siyasi şərhçi Tofiq Abbasov qeyd edib ki, belə insanların dövlət idarəçiliyində təcrübəsi olmalıdır: “Mənə elə gəlir ki, namizədlərin sayının çox olması bir qədər şübhələr oyadır. Doğurdan da, Azərbaycanda prezidentliyə namizəd 6 nəfər varsa, onda bizim siyasi elita xoşbəxtdir. Bu bir çox sahələrdə, o cümlədən, jurnalistikada olduğu kimi, bu məsələdə senzura yox, özünü senzura etmə qabiliyyəti çox vacib əhəmiyyət kəsb edir. Çünki, istək hamıda ola bilər, heç kəsin istəyinin qarşısını almaq düzgün deyil. Hərə özünü yüksək səviyyədə sınamaq istəyir. Lakin, bu məqamda söhbət dövlət başçısı vəzifəsindən gedirsə, gəlib orada özünü göstərmək, sınaq meydanı kimi özünü hiss eləmək, ya da bəqraund üçün ad qazanmaq, bütün bunlar bu vəziyyət üçün yaramaz. Mən intellektdən, bilikdən, bacarıqdan danışmıram, ani qərar qəbul etmək xüsusiyyətindən danışmıram, sadəcə dövlət idarəçiliyində gərək bu adamların təcrübəsi olsun. O baxımdan mənə elə gəlir ki, bizdə bu seçkilərdə təbii ki, favorit var və ən yaxşı halda olsa-olsa bu favoritlə yanaşı 1 nəfər öz imkanlarını sınaya bilər. Sadəcə siyasi meydan kimin kim olduğunu göstərir. Təbii ki, namizədlərin sayı arta bilər. Seçki öncəsi monitorinqlər onu göstərir ki, 10 nəfərə yaxın ola bilər. Ancaq bu artım nikbinlik bəxş etmir, yəni dövlət idarəçiliyi, prezident kürsüsü müəyyən tələblər ortaya qoyur ki, bunlara cavab vermək lazımdır”.“Rüstəm İbrahimbəyovun namizədliyinə də münasibətini bildirən Tofiq Abbasov kinorejissoru oyunbazlıqda ittiham edib: “Rüstəm İbrahimbəyovun Bakıya gəlib-gəlməməsi namizədlərin sayına təsir göstərə bilməyəcək. Çünki, Rüstəm İbrahimbəyovun əhvalatı göstərdi ki, belə bir ciddi məsələdə siyasətbazlıqla oyunbazlığın yeri yoxdur. Əgər doğurdan da o ciddidirsə, gərək ilk növbədə vətəndaşlıq məsələlərini həll etsin. Amma burda əsas məqam heç bu da deyil. Əsas məqam ondan ibarətdir ki, o adam və onun ətrafında o dərəcədə oyunbazlıq getdi ki, ondan o dərəcədə istifadə etmək istəyirlər, o da buna yol verirsə, bu artıq onu göstərir”.Milli Şuradan da anışan siyasi şərhçi bildirib ki, bu qurum ətrafında qeyri-ciddi mənzərə yaranıb: “Beləliklə, say çox güman ki, dəyişə bilər və Milli Şuradan da alternativlər var. Lakin, artıq Milli Şura ətrafında da qeyri-ciddi mənzərə yaranır. Belə bir seçki taktikaları da var ki, kimlərsə müttəfiqlik münasibəti quracaq, kimsə kiminsə xeyrinə öz namizədliyini geri götürəcək, ancaq yenə də bildirmək istəyirəm ki, inanmıram orada son mərhələdə çox ciddi mübarizə olsun. Çünki favoritin qüvvəsi, potensialı, siyasi baqajı həddən artıq güclüdür, digər namizədlərin imkanları ilə bir araya gəlmir".