Son on ildə Azərbaycanda dövlət idarəetmə sistemində geniş institusional islahatlar həyata keçirilib.
Bu islahatlar çərçivəsində bir sıra nazirlik, komitə və dövlət xidmətlərinin adı dəyişdirilib, bəziləri isə ləğv edilərək yeni qurumlarla əvəz olunub.
Rəsmi izahlara görə, dəyişikliklərin məqsədi dövlət idarəçiliyinin daha səmərəli təşkili, xidmət keyfiyyətinin artırılması və dövlət qurumlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması olub.
AZXEBER.COM son 10 ildə adı dəyişdirilən və ya yenidən təşkil edilən əsas dövlət qurumlarını araşdırıb.
2017-ci il
Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. Dəyişiklik nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrinin vahid idarəetmə mexanizmi altında fəaliyyət göstərməsi məqsədini daşıyırdı.
2018-ci il
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin adı dəyişdirilərək Ailə, Qadın və Uşaq Məsələləri Dövlət Komitəsi adlandırıldı. Bununla qurumun fəaliyyətinin yalnız problemlərin həlli ilə məhdudlaşmadığı, ailə, qadın və uşaq siyasətinin daha geniş istiqamətləri əhatə etdiyi vurğulandı.
2018-2019-cu illər
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildi. Qurumun səlahiyyətləri əsasən Əqli Mülkiyyət Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və digər aidiyyəti qurumlar arasında bölüşdürüldü.
2019-cu il
2019-cu il dövlət idarəçiliyində ən geniş struktur islahatlarının həyata keçirildiyi illərdən biri oldu. Həmin il Vergilər Nazirliyi ləğv edildi və onun bazasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradıldı. Məqsəd vergi inzibatçılığının iqtisadi siyasətlə daha sıx əlaqələndirilməsi idi.
Elə həmin il Əmlak Məsələləri Dövlət Komitəsi də ləğv edildi və onun bazasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yaradıldı. Bununla dövlət əmlakının idarə olunması iqtisadi idarəetmənin vahid sisteminə inteqrasiya edildi.
2021-ci il
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi oldu. Dəyişiklik ölkədə rəqəmsal transformasiya, innovasiya və elektron idarəetmənin dövlət siyasətində prioritet istiqamətlərdən birinə çevrilməsi ilə əsaslandırıldı.
Fəridə Əsədzadə
Fəridə Əsədzadə












































