Azərbaycanda sürücülərlə bağlı cəzalar sərtləşdirildi

Azərbaycanda sürücülərlə bağlı cəzalar sərtləşdirildi
Bütün Xəbərlər
13:01 13.12.2011
2000
Azərbaycanda iriqabaritli və ağır çəkili avtomobillərin yükdaşıma qaydalarını pozması ilə bağlı cəzalar sərtləşdirildi.Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi qəbul olunub.Layihədə İnzibati Xətalar Məcəlləsində iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutan 163.0.13-cü maddə ləğv edilib.Məcəlləyə iriqabaritli və ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasını nəzərdə tutan 163-1-ci maddə əlavə edilib.Dəyişikliklərdə hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər üçün 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər üçün 4 min manatdan 5 min manatadək miqdarda cərimə nəzərdə tutulub.Həmçinin fiziki şəxslər onlara məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin bu tələblər pozulmaqla yüklənməsinə görə 600-700 manat cərimə ediləcəklər.Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmə hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılmaqla fiziki şəxslər 1000-1200 manatadək, vəzifəli şəxslər 1800-2000, hüquqi şəxslər 5500-6000 manatadək cərimələnəcəklər.Millət vəkili Fəzail Ağamalı ölkədə son illər yeni yol infrastrukturunu inşa edildiyini qeyd edərək bildirib ki, yol örtüklərinin sıradan çıxmasına səbəb olan halların qarşısı alınmalıdır.“Bir maşın 20 ton yük götürə bilərsə, əlavə qazanc üçün 30 ton yükləyirlər. Bu cür tədbirlərin qarşısının alınması üçün Cinayət Məcəlləsinə əlavələr edilməsi ilə belə şəxsləri cinayət məsuliyyətinə cəlb etmək lazımdır”, - millət vəkili deyib.Deputat Siyavuş Novruzov çıxışında bildirib ki, Azərbaycanda tam standartlara uyğun yollar çəkilib.“Lakin təəssüf ki, istər ölkə daxilində qeydiyyatdan keçən, istərsə də xarici ölkələrdən gələn bir sıra yük maşınlarını gəlirdən başqa heç nə maraqlandırmır”, - Novruzov deyib.Onun sözlərinə görə, bu hallar əsasən İrandan gələn yük maşınlarında nəzərə çarpır.
OXŞAR XƏBƏRLƏR