Bu məlumatı Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov verib. Hüseynov bildirib ki, yaxın gələcəkdə ictimai nəqliyyatda kart sisteminin işə düşməsi gözlənilir. Tələbə kartının da ictimai nəqliyyatda istifadəsi üçün müvafiq icra qurumuna müraciət edilib:“Tələbələrin onlara paylanılan tələbə kartlarından ictimai nəqliyyatda da güzəştlə istifadə etməsi üçün bu il bir sıra yeniliklər gözlənilir. Biz bir müddət öncə təklif vermişik ki, tələbə kartları da avtobuslarda istifadə edilsin və güzəşt imkanı yaradılsın”,- deyə Elşən Hüseynov bildirib.Lakin ekspertlər Bakıda sərnişin nəqliyyatında tələbələrə güzəştlərin tətbiq olunmasının elə də real olmadığını deyirlər. “Nəqliyyatçılar” İctimai Birliyinin sədri Natiq Ələkbərovun ANS PRESS-ə açıqlamasında bildirib ki, bu zaman böyük problemlər yarana bilər. Çünki paytaxtda sərnişindaşınmanı həyata keçirən şirkətlərin demək olar hamısı özəldir.“Onlar öz vəsaitləri hesabına xərcləri həyata keçirir, üstəgəl digər çıxarışlar. Bu zaman şirkət qazanc əvəzinə ziyana düşəcək. Bu zaman gərək dövlət büdcəsi hesabına həmin şirkətlərə müəyyən güzəştlər, kompensasiyalar tətbiq olunsun. Bunun isə məbləğini hesablamaq çox müşkül olacaq”, - deyə Natiq Ələkbərov bildirib.Paytaxtda sərnişin daşıma ilə məşğul olan şirkət rəhbərləri də bu addımın o qədər real olmadığını deyir. “Uç qardaş” şirkətinin direktoru Mübariz Quliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, bu zaman gərək dövlət özəl şirkətlər üçün xüsusi proqram hazırlasın. Bu proqrama əsasən də, həmin şirkətlər üçün xüsusi güzəştlər tətbiq olunsun.3 saylı avtobus parkının direktoru Əlixan Abbasov da ANS PRESS-ə bu barədə açıqlama verərkən güzəşt tətbiqinin heç də real görünmədiyini deyib: “Bu zaman özəl şirkətlərin problemi yaranacaq. Onların zərərə düşəcəyi şübhəsizdir. Çünki avtobusların təmiri, yollara çəkilən digər xərclər və plan onsuzda güclə çatdırılır. Güzəştlərin də şirkətlərin hesabına ödənilməsi şirkət rəhbərlərini, sahibkarları çıxılmaz vəziyyətə sala bilər. Gərək bu zaman dövlət sahibkarlara xüsusi köməklik göstərsin”.Sərnişindaşımada tələbələrə güzəştlərin tətbiq olunması kimi fikirləri dəstəkləyən şirkətlər də tapıldı. “Transqeyt” MMC-nin direktoru Nurəddin İsmayılov ANS PRESS-ə fikir bildirərkən gələcəkdə bunun mümkün olduğunu deyib.“Hələlik bu barədə heç bir göstəriş verilməyib, yaxud addım atılmayıb. Əslində, bu ödənişlərin kart sisteminə keçdiyi bir vaxtda mümkündür. O zaman da gərək dövlət özəl şirkətlər üçün müəyyən güzəştlər tətbiq etsin. Çünki bu qədər məsrəflə bərabər özəl şirkətlər güzəştləri öz vəsaitləri hesabına edə bilməz”, - deyə Nurəddin İsmayılov vurğulayıb.Bakı Metropolitenində isə belə güzəştlərin tətbiqi daha real görünür. Çünki metro qismən də olsa dövlət büdcəsi hesabına xidmət göstərir. Güzəştlərin də tətbiqi bu baxımdan daha asan tətbiq oluna bilər. Qurumun mətbuat xidmətindən deyirlər ki, hazırda bir sərnişinin daşınması üçün 55 qəpik xərc çəkilir. Lakin gedişhaqqı 20 qəpikdir. Yerdə qalan pul isə dövlət hesabına ödənilir. Tələbələrə güzəşt olunarsa, gərək dövlət tərəfindən onlara xüsusi ödəmə kartları verilsin. Tələbə bu ödəmə kartı vasitəsilə dövlət hesabına nəqliyyat vasitəsindən istifadə etsin. Bu zaman heç şəffaflıq qorunar, həm də dövlət metropolitenin zərərini qarşılar.Nəqliyyat Nazirliyində isə srənişindaşımada güzəştlərin kart sisteminə keçəndən sonra tətbiqini mümkün sayırlar. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, güzəştlər müxtəlif formada ola bilər. Güzəştlər həm tələbə, həm də müəllim heyətinə aid edilə bilər. Nazirlik rəsmisi bunun qonşu ölkələrdə praktikadan keçirildiyini bildirib. Lakin hələlik bizdə bu mümkün deyil.“Hər halda, bizdə hələlik bu tip sosial layihələr həyata keçirilməsə də, aparılan islahatlar nəqliyyat sistemində müəyyən irəliləyişlərin olacağından xəbər verir”, - deyə N.Həsənov bildirib.