'Azərbaycanda televiziyaların bir xəbər portalı qədər nüfuzu yoxdur'

Bütün Xəbərlər
13:30 04.10.2012
1042

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli mətbuata son açıqlamasında qarşıdakı illərdə Azərbaycanda yeni televiziya və radiostansiyaların açılacağını bildirib. Bununla bağlı müsabiqə elan edəcəklərini deyən MTRŞ sədri bu cür layihələrin dəstəklənməli olduğunu deyib.Bəs görəsən indiyə qədər ictimaiyyətin fəal nümayəndələrinin, o cümlədən yüksək ranqlı dövlət rəsmilərinin telekanalların efir siyasətini kəskin tənqid etməsi fonunda yeni telekanallar bu boşluğu doldura biləcəkmi?Qaynar.info-ya açıqlamasında “Qafqazinfo” xəbər portalının baş redaktoru Elbrus Ərud yeni telekanalların açılacağı xəbərinə ciddi yanaşmadığını söylədi: “Əslində bu gün ölkədə fəaliyyət göstərən telekanallar özlərini o səviyyəyə qədər endiriblər ki, onların mövcudluğu belə hiss olunmur. Təəssüf ki, televiziyaların bir xəbər portalı qədər nüfuzu yoxdur. Telekanllar gözdən düşüblər. Ciddi, maarifləndirici, ictimai tok şoular yayımlamadığına, efir məkanını bayağı, şit proqramların üzünə açdıqlarına görə, ciddi tamaşaçılar ümumiyyətlə yerli telekanallara baxmırlar. Əksər tamaşaçılar əcnəbi telekanalları seyr etməyə, bu yolla informasiyaya olan təminatını ödəməyə çalışırlar. Bu mənada yeni telekanalların ciddi təsisat olacaqlarına, sizin də qeyd etdiyiniz kimi, bu boşluğu dolduracağına qətiyyən inanmıram. Təcrübə göstərir ki, bütün televiziyalar bir-birinin təkrarıdır və yenilərinin fərqələnəcəyi də inandırıcı görünmür. Əgər hər hansı telekanal elementar sosial problemi yayımlamaqda acizdirsə, ondan ciddi nəticə gözləmək sadəlövhlük olardı. Bunun isə əsas səbəbi telekanalların müstəqil olmaması, sifarişlə çalışması ilə bağlıdır”.

OXŞAR XƏBƏRLƏR