Xəbər verdiyimiz kimi, "İdrak” liseyində müəllimini güllələyən şagirdə aid olduğu iddia edilən "TikTok” paylaşımları yayılıb. Hesabda 2018-ci ildə Krımda Kerç Kolleci hücumu ilə bağlı məzmunlar üstünlük təşkil edir. Bildirilir ki, şagird hadisədən əvvəl şiddət və silah mövzulu onlayn qruplarda fəal olub və məktəb rəhbərliyi bu barədə ailəni dəfələrlə xəbərdar edib.
AZXEBER.COM xəbər verir ki, dünyada uşaqların sosial şəbəkəyə girişinə məhdudiyyətlərin Azərbaycanda da tətbiqi vacibdir.
Bu bir daha uşaqların sosial şəbəkələrə girişi ilə bağlı məhdudiyyətlərin olunmasını gündəmə gətirir. Son illər dünyanın bir çox ölkəsində uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı ciddi və konkret qərarlar qəbul olunur. Məqsəd azyaşlıların zorakılıq, aqressiya və psixoloji risk daşıyan məzmunlardan qorunmasıdır.
Avropa İttifaqında uşaqların sosial şəbəkələrə çıxışı üçün yaş həddinin sərtləşdirilməsi istiqamətində ümumi mexanizm formalaşdırılır. Bir çox üzv ölkədə 13-16 yaşdan aşağı uşaqların platformalara yalnız valideyn icazəsi ilə daxil olması tələb olunur. Sosial şəbəkə şirkətlərinə uşaqlar üçün zərərli məzmunu avtomatik filtrasiya etmək, aqressiv və zorakı videoları, silah və cinayət mövzulu paylaşımları bloklamaq öhdəliyi qoyulub.
Böyük Britaniyada isə 2023-cü ildə qəbul edilən "Onlayn Təhlükəsizlik Aktı” ilə sosial şəbəkələr və video platformalar uşaqları təhlükəli məzmundan qorumağa hüquqi baxımdan məcbur edilib. Qanuna əsasən, platformalar yaş yoxlama sistemləri qurmalı, valideynlər üçün nəzarət alətləri təqdim etməli və uşaqların zorakılıq, silah, nifrət və özünə zərər mövzulu kontentə çıxışını minimuma endirməlidir.
Avstraliya daha da irəli gedərək 16 yaşdan kiçik uşaqlara sosial şəbəkə hesabı açmağı qanunla qadağan edib. Platformalar istifadəçilərin yaşını texniki üsullarla təsdiqləməli və azyaşlıların qeydiyyatının qarşısını almalıdır. Paralel olaraq, məktəblərdə və icmalarda uşaqlara onlayn davranış qaydalarını öyrədən rəqəmsal təhlükəsizlik proqramları genişləndirilib.
İspaniyada da oxşar xətt seçilib. 16 yaşdan aşağı uşaqlar üçün sosial media istifadəsi məhdudlaşdırılır, valideyn nəzarəti alətlərinin tətbiqi təşviq edilir və aqressiv, zorakılıq məzmunlu kompüter oyunlarının yayımı ciddi şəkildə tənzimlənir. Məktəblərdə uşaqlara internetdə riskləri tanımaq, manipulyativ və təhlükəli məzmunu ayırd etmək bacarığı aşılanır.
Türkiyədə də 15 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi ətrafında fikirlər müzakirə olunur.
Bu ölkələrin təcrübəsi göstərir ki, uşaqların təhlükəsizliyi üçün təkcə məktəbdə nizam-intizam yetərli deyil. Ailə uşağın davranışına və onlayn fəaliyyətinə nəzarət etməli, dövlət hüquqi çərçivəni qurmalı, rəqəmsal platformalar isə məsuliyyət daşımalıdır. Azərbaycanda da bu məsələ daha aktual görünür. Uşaqların sosial şəbəkələrə nəzarətsiz çıxışı, aqressiv oyunlara sərbəst giriş və valideyn nəzarətinin zəifliyi riskləri artırır. Ona görə də dünyada tətbiq olunan bu modellərin Azərbaycanda da mərhələli şəkildə həyata keçirilməsi vacib sayılır.
Qeyd edək ki, fevralın 6-da "İdrak" liseyində şagirdin ov tüfəngi ilə açdığı atəş nəticəsində riyaziyyat müəllimi Şəhla Kamilova xəsarət alıb.
Şahanə Ziyad











































