Xəbər verdiyimiz kimi, Rusiyada cinayət və terrorizmlə mübarizə məqsədilə "WhatsApp” və "Telegram” messencerlərində səsli zənglər qismən məhdudlaşdırılıb.
Məsələ ilə bağlı Azərbaycanda oxşar addımın atılıb-atılmayacağı sualını AZXEBER.COM Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünasa ünvanlayıb.
Fərid Pərdəşünas açıqlamasında hazırda ölkəmizdə belə bir məhdudiyyətin gündəmdə olmadığını bildirib:
"Rusiyada ‘WhatsApp’ və ‘Telegram’ zənglərinin məhdudlaşdırılması barədə uzun müddətdir müzakirələr aparılırdı. Böyük ehtimalla bu, mobil operatorların müraciətindən sonra baş verib. Operatorların gəlirləri əhəmiyyətli dərəcədə azaldığı üçün belə bir addım atılıb. Nəticədə hər iki platformada səsli zəng funksiyası məhdudlaşdırıldı. Azərbaycanda isə hazırda nə bu istiqamətdə plan var, nə də operatorlardan belə bir müraciət olunub”, – deyə o qeyd edib.
Oksana Orucova