Azərbaycanda, yoxsa xaricdə təhsilə üstünlük verilir?- GƏNCLƏR DANIŞIR

GƏNCLİK
11:33 02.11.2015
4508

Müasir dövrün ən başlıca tələbi təhsildir. Yalnızca haradasa işləmək və ya maddi qazanc əldə etmək üçün yox, dünyadakı prosesləri düzgün qiymətləndirə bilmək, ümumi dünyagörüşünün formalaşması üçün də təhsil əvəzolunmaz bir faktordur. Bəs gənclər təhsili harada almağı üstün tuturlar? Bu mövzu ilə əlaqədar AZXEBER.COM tələbələr arasında sorğu keçirdib. Onlar hansı əsaslarla Azərbaycanda, yoxsa xaricdə təhsilə üstünlük verir? Baxaq, görək:

Aysel İsmayılova:

Buradakı şəraiti nəzərə alsaq, əlbəttə ki, xaricdə. Həm də dil öyrənmək baxımından yaxşıdır.

Kamil Əmirli:

Tәhsil üçün xarici ölkәni üstün tuturam. Doğrudur, Azәrbaycanın tәhsili artıq әvvәlki illәrlә nisbәtdә xeyli uğurlar qazanıb. Әn azından tәhsil sahәsindә aparılan islahatların nәticәsi bunu demәyә әsas verir. Buna baxmayaraq, bәzi әskikliklәrә görә təhsil üçün xarici ölkәyә üz tutacağam.

Babək Hacılı:

Əsasən, təhsildə praktikanın yüksək tutulması ilə bağlı xaricdə təhsilə üstünlük verirəm.

Əfsanə Salehova:

Azərbaycanda ümumtəhsilin, universitetlərdə təhsilin vəziyyəti qənaətbəxş deyil. Bunu TQDK imtahanlarının nəticələri, uşaqların intellektual səviyyələri də deyir. Müəyyən özəl universitet və məktəblərdə isə tam fərqlidir. Məsələn, Xəzər, Qafqaz, ADA-da təhsil almağın avantajı çoxdur, nəinki, BDU ya ATU-da təhsil almaq. Bakalavr təhsilimi BDU-da alıram. Jurnalistikada 3 ildir oxuyuram. Bəzi müəllimlər istisna olmaqla əksər müəllimlər nə yenilikçidir, nə də öyrətməyə həvəsli. Avadanlıq və şəraitin olmaması da öz yerində. Onun görə hazırda magistr təhsilim üçün fikrimdə iki ölkə: ya Almaniya, ya da Cənubi Koreya var. Almaniyada alman dilində təhsil pulsuzdur, təqaüd gündəlik xərcləri ödəməyə çatır. Alman universitetləri öz sözünü əsrlərdir deyir. Düzdür, təhsil xərci çoxdur. Araşdıranda 16000 illik təhsil xərcini görəndə xəyallarım suya düşmüşdü, amma adlı-sanlı universitetlərlə digər universitetlərdəki təhsilin eyni olduğunu biləndə o qədər də pis olmadım. Koreya isə sırf ölkə olaraq məni cəlb edirdi. Koreyalı dostlarım da az deyil. Amma təhsili bu yaxınlarda düşünmüşəm. Magistr təhsili üçün seçdiyin universitetlərə anket göndərmək, ortalama bal və s., təqaüd üçün isə səfirlikdə müsahibə, rəy məktubu, ortalama bal və s. lazımdır. Harada olmasından asılı olmayaraq dil bilmək şərtdir. İELTS sertifikatı, müəyyən dil səviyyən olmadan irəli gedə bilməzsən. Hazırda bunun üçün çalışıram.

Daşqın Əzizov:

Mən Azərbaycanda təhsilə üstünlük verirəm. Düzdür, bir çoxları qeyd edir ki, xaricdə təhsil daha güclüdür, müasir formada təhsil alırlar gənclər. Bizdə də bu var, ancaq faydalanmaq lazımdır. Məsələn, bir çox tələbə yoldaşlarım magistratura üçün xarici ölkələri seçirlər, amma mən əksinə, ölkədən kənarda təhsil almaq istəmirəm. Burada təhsil alıb, burada da işləmək istəyirəm.

Həmid Xəlilov:

Xaricdə təhsilə üstünlük verirəm. Azərbaycan təhsil sistemi hələ də Sovet sistemindən çıxa bilməyib. Təhsil çox aşağı səviyyədədir.

Fidan Həsənzadə:

Təbii ki, xaricdə təhsil. Çünki Azərbaycanda təhsil çox zəifdir. Hər bir sahədə. Müəllimlər öyrətməyə həvəs göstərmir, pulla qiymət yazdıran tələbələr də oxumağa vaxt aparmırlar. Və müasir dövrün texnologiyalarını bilməyən müəllimlər dərsi keçə bilmir. Dərsliklər çox gec gec yenilənir və bu yenilənmə təkcə üz qabığında olur.

Ağalar Qarayev:

Xaricdə təhsil almaq istəyərəm. Orada tələbələr dərsi başa düşərək öyrənirlər. Bir də ki, xaricdə təhsil alana daha çox maaş verilir.

Ülkər Salamova:

Mən xaricdə oxumağa üstünlük verirəm. Səbəb isə belədir: Mən öz ixtisasım "Jurnalistika" barədə danışacağam. 4 il ərzində bizə mətbuatı öyrətdilər, terminləri öyrətdilər, kameranın düyməsini öyrətdilər, amma bircə dəfə olsa belə bunu göstərmədilər. 4-cü kursun bəzi jurnalistika tələbələri heç bilmir sinxron nədir, lid nədir. Elə bu səbəblərdən də xaricə üstünlük verirəm, orada düyməyə burdan toxun deyəndə, kameranı praktiki verirlər, ən azından yandırıb-söndürə bilirsən.

Aytac Nəbiyeva:

Xaricdə təhsilə üstünlük verirəm. Ən vacib səbəb təhsilin səviyyəsidir. Gələcəkdə yaxşı kadr olmaq üçün elə ixtisaslar var ki, xaricdə oxumaq mütləqdir. Məsələn, Azərbaycanda gen mühəndisliyi sıfır səviyyəsindədir. Bu sahə üzrə gələcəkdə yaxşı ixtisaslaşmaq üçün mən gedib təhsilimi xaricdə davam etdirməliyəm.

Nurlan Ağa

OXŞAR XƏBƏRLƏR