Azərbaycandakı otellərdə şərait niyə bərbaddır? - ARAŞDIRMA
İQTİSADİYYAT
11:26 03.09.2012
2515
Turizm dünya iqtisadiyyatında ən gəlirli sahələrdən biridir. Araşdırmalar göstərir ki, dünyada turizmi inkişaf edən ölkələr hər il bu sahədən ümumilikdə 800 milyard dollara yaxın gəlir götürür. Azərbaycanda da bu sahənin inkişafı üçün böyük potensial var və son illər bu istiqamətdə xeyli işlər görülməkdədir. Yeni mehmanxanalar, otellər, istirahət guşələri tikilir. Statistik məlumatlar da göstərir ki, turizm üçün əlverişli olan bölgələrimizə istirahətə gedənlərin sayı durmadan artır. Amma...Bunu isə konkret misallarla göstərək. Ötən həftə bir layihə çərçivəsində İsmayıllı rayonunda olduq. Rayonun turizm potensialına, təbii füsunkarlığına söz ola bilməz. Fəaliyyət göstərən istirahət guşələri də mövsümlə əlaqədar demək olar ki, insanlarla doludur. Amma həmin istirahət zonalarına daxil olub real vəziyyətlə tanış olduqda görürsən ki, vacib olan bir çox şeylər çatışmır. İsmayıllı rayonunun, eləcə də digər bölgələrimizin öndə olan və reklam olmasın deyə, adlarını çəkmədiyimiz turizm obyektlərindən bir xeylisində qeyd edəcəyim çatışmazlıqlar mövcuddur. Öncə ənənəvi problem sayılan xidmət məsələsi üzərində dayanmaq lazımdır. Ona görə ki, bu yerlərdə ofisiant qismində işləyənlər peşəkarlar deyil, qonşu kəndlərdən, yaxud rayon mərkəzindən gətirilən işsiz gənclərdir. Onlarla söhbət zamanı məlum oldu ki, gün ərzində üç dəfə yemək də daxil olmaqla, 120 manat maaş alırlar. Yəqin elə bunun nəticəsidir ki, orada olduğumuz üç gün ərzində hər gün vətəndaşların otel administrasiyasına olan şikayətlərini dinlədik. Bunlar məsələnin bir tərəfi, digər tərəf isə texniki imkanlarla bağlıdır. Məsələn, baxmayaraq ki, qaldığımız yer prestijli otel sayılırdı, amma internetə qoşulmaq imkanımız yox idi. Rəhbərlikdən bildirdilər ki, bir aydır internet yoxdur: “Ayda xeyli pul keçirirdik, amma istifadə edən az olur deyə bağlatdırmışıq”. Necə deyərlər, qurunun oduna yaş da getdi...Gələk təhlükəsizlik məsələsinə. Otelin həyətinə giriş darvazaları taybatay açıqdır. Girişdən sağ tərəfdə nəzarətçi postu olmasına baxmayaraq, orada heç kim dayanmır. Məntəqənin içərisini toz-torpaq, ətrafını isə ot-alaf basıb. Yolu bağlamaq üçün nəzərdə tutulan “şlaqbaum” isə günün 24 saatı üzüyuxarı dayanır, yəni açıq olur. Bu isə o deməkdir ki, istənilən şəxs istər avtomobillə, istərsə də piyada heç bir maneə olmadan otelin ərazisinə daxil ola və hansısa çirkin niyyətini yerinə yetirə bilər. Dördüncü çatışmayan cəhəti istirahət guşəsinin ətrafına nəzər saldıqda aşkarladıq. Yəqin ki, hər biriniz istirahət etdiyiniz düşərgənin yaxınlığından keçən çay sahilinə düşmüsünüz. Belə olduqda təbiidir ki, çaya aparan yolu və onun ətrafını nəzarətdə saxlamaq və təmizliyinə fikir vermək lazımdır. Amma biz çayla istirahət guşəsi arasındakı təxminən 100 metrlik məsafədə ancaq zibil qalaqları gördük. Şəkildən də göründüyü kimi, topa-topa yandırılan zibil qalıqlarının tüstüsü də ətrafa yayılır. Yuxarıda sadalananları ancaq bu iradlarla məhdudlaşdırmaq və tək bir obyektə şamil etmək olmaz. Düşünmək lazımdır ki, əgər nüfuzlu istirahət zonalarından birində vəziyyət belədirsə, digərlərində heç də bunlardan yaxşı deyil. Təbiidir ki, vətəndaş ödədiyi vəsaitə görə qarşılıq görmək istəyir. Odur ki, əyri oturaq, düz danışaq və nəzərinizə çatdıraq ki, bunlar Azərbaycan turizminin əleyhinə işləyir. Yəni “bir gələn bir də gəlsin” prinsipinə əsaslanaraq, yuxarıdakı neqativ halları aradan qaldırmaq lazımdır. Qeyd etdiyimiz nöqsanları Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da təsdiqləyir. Onun sözlərinə görə, əsas problemlərdən biri otellərdə çalışan ofisiant, aşpaz, xidmətçilərin qulluq etmə qabiliyyətinin aşağı olmasıdır: “Bu gün fəaliyyətdə olan otellər kommersiya məqsədli olduğundan bu sahədən yalnız pul götürmək istəyirlər. Digər məsələlər isə unudulur. Hazırda turistlər üçün maraqlı olan region mehmanxanalarında da problemlər var. Belə ki, regionlarda əsasən kurort mehmanxanaları fəaliyyət göstərir. Rayonlardakı ofisiantlar isə tamamilə səriştəsizdir. Xarici qonaqlarla işləyən otel işçiləri və ofisiantların dil bilməsi vacibdir. Turizm sahəsində olan problemlərdən biri ölkədə peşəkar bələdçi-ekskursiya rəhbərlərinin olmamasıdır. Ancaq bu gün lazımi səviyyədə bu işin təşkil olunmaması səbəbindən, qeyri-peşəkarların bu işə cəlb edilməsi turistlərdə yanlış məlumatların formalaşmasına təkan verir. Bələdçinin işi təkcə haranısa tanımaqla kifayətlənməməlidir. Bizdə hazırda bu işi öz üzərinə götürənlər turisti lazımi ünvana apardıqdan sonra ona heç bir məlumat verə bilmir, nəticədə turistlərin sualları cavabsız qalır. Sovet dövründə turistlər üçün təqdim olunan mətnlər Elmlər Akademiyasında hazırlanırdı. Ona görə də bu məsələ ciddi yanaşma tələb edir”. “Turizm sektorunda peşəkarları yetişdirməyə mane olan nədir?” sualımızı Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov cavabladı. O, yuxarıda deyilənləri Azərbaycan reallığı adlandırdı və təəssüflə bildirdi ki, bizdə tənqidləri süngü ilə qarşılamaq çox dəbdədir: “Bunun əsas səbəbi də peşəkarların vəzifələrdə olmamasıdır. Peşəkarlar yetişdirilir, amma onlara vəzifə verən yoxdur. Bizdə adətən belə olur, hansısa oliqarx istirahət mərkəzi tikir və onun işlədilməsini öz qohumuna həvalə edir. Qohum da ətrafına öz yaxın adamlarını toplayır və işə başlayır. Yəni hər şey tanışlıq üzərində qurulur. Nəticəsi də sonda siz deyənə gətirib çıxarır. Fikrimcə, turizm obyektlərinin və istirahət mərkəzlərinin fəaliyyətinə, onların kadr kontingentinə ciddi nəzarət həyata keçirilməlidir. Artıq ölkəmizdə xeyli sayda peşəkar turizm kadrları yetişdirilib və bu proses davam etdirilməkdədir. Bu baxımdan turizm obyektlərində işçilərin əksəriyyətinin uyğun təhsilə malik olmaları şərt kimi qoyulmalı və buna nail olunmalıdır. O zaman xidmət keyfiyyətini qaldırmaq, bütün neqativ halların aradan qaldırılmasına nail olmaq mümkündür”.Elgün Mənsimov, "Kaspi" qəzeti