Respublikanın ilk rəqəmsal telekanalı- Xaçmaz rayonunda yerləşən Regional Televiziya (RTV) 4 yaşını qeyd edir.RTV 2007-ci il noyabrın 15-i yayıma başlayıb. Televiziyanı Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri izləyə bilir. Yayım keyfiyyətinə gəlincə televiziya nəinki Şimal bölgəsində, bütün respublikada ilk rəqəmsal kanalıdır. Regionda yayım diapozonuna görə, ən güclü teleötürücü də RTV-yə məxsusdur.Fəaliyyətə başladığı ilk gündən Azərbaycandakı region televiziyaları üçün əlçatmaz hesab olunan bir çox uğurlara imza atıb. 2008-ci ildə Regional Televiziya ilin televiziyası seçilib, 2010-cu ildə “Media Açarı”nı qazanıb. Bundan əlavə RTV-nin ayrı-ayrı proqramları və televiziyanın hazırladığı sənədli filmlər bir sıra müsabiqələrin qalibi olub.Televiziyaçılığa peşəkar yanaşma şirkətin əsas prioritetidir. RTV-ni livetv.az/rtv/ saytına daxil olmaqla internetdə onlayn izləmək mümkündür. Gündəlik 18 saat yayımlanan televiziyada 70 faiz proqramlar RTV-nin öz istehsalıdır. Qalan 30 faiz isə müəllif hüququ ilə ödəniş əsasında əldə edilən film və sənədli filmlərdir. Tamaşaçıların maarifləndirilməsi, bilgiləndirilməsi və əyləndirilməsi istiqamətində RTV öz istehsalı olan 25 proqram təqdim edir.Televiziyanın icraçı direktoru Məhsim Məhsimovdur. AZXEBER.COM portalı olaraq həmkarlarımızı təbrik edirik, yaradıcılıq uğurları arzulayırıq.