AzxeberSport-un müsahibi Azərbaycanın MMA üzrə dünya çempionu, "Rizin Gran Prix 2019” kəmərinin sahibi Tofiq Musayevdir.
Tofiq bəy, Azərbaycanda adınızı hər kəs bilir. Ancaq istərdim lap başdan başlayaq, Tofiq Musayev kimdir? İdmana olan marağınızdan, gəlişinizdən danışasınız.
-Mən Musayev Tofiq Teymur oğlu Qaradağ rayonu Sahil qəsəbəsində anadan olmuşam. Etiraf Eyyubov adına 273 nömrəli orta məktəbi bitirmişəm. Məktəbi bitirdikdən sonra 2007-2011-ci illər ərzində İdman Akademiyasında oxumuşam. 12 yaşımdan Karate ilə məşğul olmuşam. İdmana uşaq yaşlarımdan həvəsim olub. Bir çox ailədə olduğu kimi mənim valideynlərim də oxumağımı istəyirdilər. Amma mən idmana daha çox üstünlük vermişəm və idmanla məşğul olmuşam.
- Tofiq bəy, necə oldu ki, karatedən MMA-ya keçdiniz?
- Karate ilə məşğul ola-ola boks, güləş və taekvando ilə də məşğul olmuşam. Azərbaycanın MMA tarixində adını böyük hərflərlə yazmış Xamis Məmmədov, Ramiz Məmmədov ilə məşq etdikdən sonra MMA-ya gəldim. Bu idmançıların üzərimdə olan əməklərini heç vaxt unutmaram.
- Bəs çempion bu uğurlarına görə kimə borcludur?
- Hər bir idmançıda olduğu kimi mənə də ailəm daim dəstək olub. Sözsüz ki, müəllimim Ruslan Əfəndiyevə də dərin minnətdarlığımı bildirirəm. Biz onunla həm müəllim-tələbə, həm də yaxın dostuq. Ruslan müəllim ilə yanaşı məşqçi kolleqalarımdan Rüfət, Çingiz və Mehman müəllimə də sonsuz təşəkkürlərimi çatdırıram. Onların apardığı düzgün missiyanın nəticəsidir ki, bizim zaldan mən və mən kimi daha neçə idmançı Respublika və Avropa çempionu olub.
- Tofiq Musayevin ən yadda qalan döyüşü hansıdır?
- Düşünürəm ki, hər bir idmançı üçün bir birindən fərqli döyüşlər yadda qalır. Mənimçün ən yadda qalan döyüş "Akhmad Fight Club”da gecənin döyüşündə Marif Pirayev ilə olan döyüşdür. O döyüşdə qalib olduqdan sonra mən "Top 100”yə daxil oldum. Bu qələbədən sonra mənə bir çox turnirdən təkliflər gəlməyə başladı. Bu təkliflərdən biri də "Rizin” idi.
- Bu yerdə çempion olduğunuz Rizindən danışaq...
- İlk döyüşüm dünyaca tanınmış boksçu Floyd Meyveter ilə olub. Bu döyüş nakautla nəticələndi. 31 Dekabrda isə mən bir gündə iki döyüşə çıxdım. Conni Keysi məğlub etdikdən sonra gecənin ikinci döyüşündə "Pitbul” ləqəbli Patrik Freyra ilə oldu. Birinci raundda əlim sındı. İkinci raundda əlimin keyləşməsiylə mənimçün döyüş yenidən başladı. Döyüşün sonunda qalib oldum. Müəllimim həmişə mənə "İnsana həyatda bir dəfə şans verilir” deyirdi. Və mən bu şansı dəyərləndirdim. Məqsədimə-Azərbaycan bayrağını Yaponiyada dalğalandırmağa nail oldum.
- Tofiq Musayevin bu günədək çəkindiyi rəqimi olubmu?
- Xeyr, bele bir vəziyyət olmayıb, düşünürəm ki, olmayacaq da. Hər bir rəqibimə, onun tituluna hörmətlə yanaşmışam. Mən Mak Qreqorun elədiklərinə dırnaqarası baxıram və elə şey edə bilmərəm. Çalışıram öz xarakterimlə, döyüşüm ilə seçilim.
UFC-da vətənimizi təmsil edəcəksiniz, bu barədə danışaq...
- Biz fevralın 14-ü Yaponiyaya yola düşürük. Düzdür, UFC ilə kontrakt imzalamışıq. Rizinin müqaviləsinə də baxacağıq. Hansı təşkilatın bizi necə dəyərləndirəcəyini bildikdən sonra istiqamətimiz məlum olacaq. Ancaq mənim öz şəxsi fikrim budur ki, bir il Rizin kəmərini qoruduqdan sonra UFC-yə getmək istəyirəm. Hər şeyə ayın 14-ü aydınlıq gələcək.
- Sonda idmana yeni başlayan idmançılara nə tövsiyələr verərsiz?
- Əvvəlcə valideynlərə səslənirəm. Əgər övladlarınızda idmana maraq görürsünüzsə, onları idmandan ayırmayın. Təbii ki, oxumaq birinci növbədə gəlir. Amma uşağın idmana marağı varsa, onu idmandan ayırmayın. Uşaqlarınızda idman potensiali görürsünüzsə, peşəkar və ya qeyri-peşəkar icazə verin idmanla məşğul olsun. Gənc idmançılara sözüm isə durmadan məşq etsinlər. Məğlubiyyətlərdən qorxmasınlar. Məqsədləri varsa, o məqsədə gedən yolda bütün əngəlləri səbrlə aşsınlar.