Astara rayonunun ən qədim kəndlərindən biri olan Sım kəndi rayon mərkəzindən 40-42 km uzaqda, dağların qoynunda yerləşir.
Möcüzəli və maraqlı tarixi faktlardan biri də kəndin Əlürd mağaralar silsiləsində təbii buzxanaların olmasıdır. Sım kənd tam orta məktəbinin direktoru, tarix müəllimi Nəbi Xalıqov bildirir ki, havada istilik artdıqca bu buzxanalarda əksinə soyuqluq artır. Bu da qədim dövrlərdə yerli əhalinin yayda həmin buzxanalardan azuqələrin saxlanc yeri kimi istifadə etməsinə imkan verib. Müsahibimizin dediyinə görə, Astaraya gələn xarici turistlərin daha çox üz tutduqları yer məhz bu buzxanalardır. Sım kəndinin ən qədim yerlərindən biri də Ute məhəlləsidir. Burda xüsusi tədbirlərin həyata keçirilməsi üçün yonulmuş daşlar var. Üzərində müxtəlif təsvirlər olan daş oyuqların bəzilərində heyvan rəsmlərinə də rast gəlinir. Nəbi Xalıqov bildirdi ki, bu, mədəniyyətimizin hələ eramızdan əvvəlki dövrlərdə inkişaf etdiyini deməyə əsas verir. “Bunlar qədim incəsənət nümunələridir. Bunların tarixi nəinki bizim eramıza, eramızdan əvvəlki dövrlərə gedib çıxır. Ona görə də Sım kəndinin tarixi çox qədimdir. Bu təsvirlər bir daha mənfur düşmənlərimizə cavab vermək üçün bir dəlildir” - deyə N.Xalıqov əlavə etdi Qeyd edək ki, hazırda Sım kəndində 100 ailə təsərrüfatında 650 nəfər yaşayır.//gun.az





