AZXEBER.COM xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kəskin rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 20 ölkədən olan namizədlər Komitədə mövcud 12 vakant yer uğrunda mübarizə aparıb.
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsi 1979-cu il əlaqədar Konvensiyanın icrasına nəzarət edən əsas müqavilə qurumudur. Komitə qlobal miqyasda seçilən 23 müstəqil ekspertdən ibarət olmaqla, Konvensiyaya tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir.
Xatırladaq ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CEDAW) ilə yanaşı son iki həftə ərzində BMT insan hüquqları üzrə müqavilə qurumlarından olan İnsan Hüquqları üzrə Komitə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə namizəd olan Azərbaycan nümayəndələri hər üç komitəyə seçilməklə maksimum nəticə göstərməyə nail olmuşdur.
Bununla yanaşı, ölkəmiz əvvəlki illərdə keçirilmiş seçkilərin nəticəsinə uyğun olaraq İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsil olunur.
Qeyd edilən seçkilərdə qələbələr Azərbaycan nümayəndələrinə BMT insan hüquqları üzrə mövcud olan 10 müqavilə qurumundan 5-də təmsil olunmaq imkanı yaratmaqla, müqavilə qurumlarında təmsilçilik baxımından ölkəmiz bütün BMT üzvləri arasında Çin Xalq Respublikası ilə ikinci və üçüncü yerləri bölüşür. Bu bir daha ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun, beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi etimadın növbəti bariz nümunəsidir.











































