"Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklif irəli sürülüb. Təşkilat daxilində növbəti illər üçün sədr ölkələrin müəyyənləşdirilməsi istiqamətində müzakirələr davam edir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahknanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, ATƏT-in hazırkı sədrinin fəaliyyəti dekabrın 21-də başa çatır. Bir ildən artıqdır ki, təşkilatın növbəti sədri olacaq ölkə ilə bağlı müxtəlif təkliflər müzakirə edilir. Lakin təşkilatın bütün üzvlərinin konsensus əsasında qəbul edə biləcəyi ortaq namizəd müəyyənləşdirilməyib.
C.Bayramov qeyd edib ki, Azərbaycan indiyədək konsensus əsasında irəli sürüləcək istənilən namizədi dəstəkləməyə hazır olub və bu istiqamətdə xüsusi fəallıq göstərməyib.
Onun sözlərinə görə, dekabrın 3-4-də İsveçrənin Luqano şəhərində keçiriləcək ATƏT Nazirlər Şurasının toplantısı yaxınlaşdıqca müzakirələr intensivləşib və alternativ təkliflər irəli sürülüb. Həmin təkliflər sırasında Azərbaycanın namizədliyinin irəli sürülməsi məsələsi də gündəmə gətirilib.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın ATƏT-ə sədrlik etməsi ölkənin beynəlxalq nüfuzunun və diplomatik mövqeyinin göstəricisi kimi qiymətləndirilə bilər:
"Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklif ölkəmizin beynəlxalq nüfuzunun, diplomatik imkanlarının və regional proseslərdə artan rolunun göstəricisi kimi qiymətləndirilə bilər. Azərbaycan son illərdə mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət yürüdərək müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq imkanlarını qoruyub. Enerji təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları, beynəlxalq iqtisadi əlaqələr və regional sabitlik sahələrində qazandığı təcrübə ölkəmizin beynəlxalq platformalardakı mövqeyini gücləndirib.
ATƏT-ə sədrlik Azərbaycan üçün yeni diplomatik imkanlar deməkdir. Bu, ölkəmizə Avropanın təhlükəsizlik gündəliyində daha fəal iştirak etmək, beynəlxalq dialoqun təşviqinə töhfə vermək və qlobal problemlərin müzakirəsində öz mövqeyini daha geniş auditoriyaya çatdırmaq imkanı yarada bilər. Xüsusilə indiki mürəkkəb beynəlxalq münasibətlər sistemində Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət təcrübəsi diqqət çəkir”.

Politoloqun sözlərinə görə, Azərbaycanın münaqişədən sonrakı dövrdə formalaşdırdığı yeni regional reallıqlar da ölkənin beynəlxalq mövqeyini gücləndirən amillərdəndir:
"Digər mühüm məqam Azərbaycanın münaqişədən sonrakı dövrdə yaratdığı yeni regional reallıqlardır. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda sülh, əməkdaşlıq və kommunikasiyaların açılması gündəliyini irəli sürür. Bu təcrübənin beynəlxalq müstəvidə təqdim olunması Azərbaycanın diplomatik mövqeyini daha da möhkəmləndirə bilər.
ATƏT kimi geniş coğrafiyanı əhatə edən təşkilatda təmsilçilik və sədrlik məsuliyyəti ciddi siyasi təcrübə tələb edir. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək, müxtəlif ölkələr arasında dialoqun təşkilində iştirak etmək və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək sahəsində mühüm təcrübəyə malikdir. Bakı artıq bir sıra qlobal və regional məsələlərin müzakirə olunduğu beynəlxalq diplomatik mərkəzlərdən birinə çevrilib”.
Tural İsmayılov qeyd edib ki, Azərbaycanın ATƏT-ə sədrliyinin reallaşması ölkəyə Avropa təhlükəsizlik gündəliyində daha fəal iştirak etmək imkanı qazandıra bilər:
"Mən hesab edirəm ki, bu təşəbbüs Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin siyasi müstəvidə tanınması baxımından əhəmiyyətlidir. Sədrliyin reallaşması ölkəmizə öz diplomatik potensialını nümayiş etdirmək, Avropa təhlükəsizlik arxitekturasında iştirakını genişləndirmək və Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqları beynəlxalq gündəliyə daşımaq üçün əlavə imkanlar qazandıra bilər. Azərbaycanın müstəqil xarici siyasəti və artan beynəlxalq tərəfdaşlıq şəbəkəsi bu prosesin əsas üstünlüklərindəndir”.
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Fəridə Əsədzadə












































