Azərbaycanın xalq artisti Qədir Rüstəmov vəfat etdi
Bütün Xəbərlər
17:48 14.12.2011
3355
İki aya yaxındır İstanbulun Acıbadem Xəstəxanasında koma vəziyyətində olan Azərbaycanın xalq artisti Qədir Rüstəmov bu gün 76 yaşında vəfat edib. Bu barədə sənətkarın oğlu Rüstəm Rüstəmov bildirib. Onun sözlərinə görə, bir neçə saat öncə Qədir Rüstəmovun ürəyi dayanıb. R. Rüstəmov onu da qeyd edib ki, hazırda Azərbaycanın İstanbuldakı konsulluğunun nümayəndələri xəstəxanadadır. Cənazənin Bakıya gətirilməsi istiqamətində işlər aparılır. Cənazənin bu gün axşama qədər paytaxta gətirilməsi nəzərdə tutulur. Xatırladaq ki, Qədir Rüstəmovun beynində şiş aşkarlanmışdı. O, bir neçə ay öncə Türkiyəyə müalicəyə aparılmışdı və radioterapiya alırdı. Lakin Bakıya gəlməsinə bir gün qalmış vəziyyəti pisləşib və komaya düşüb. Xalq artisti oktyabrın 19-dan komada idi. Qədir Çərkəz oğlu Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib. Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.