Rusiyanın Dövlət Dumasının deputatı Konstantin Zatulin növbəti dəfə Azərbaycanla bağlı həqiqəti əks etdirməyən açıqlamalar verib.
O, bu barədə Rusiyanın RTV 1 telekanalına müsahibəsində danışıb.
Zatulin hesab edir ki, Azərbaycanın Rusiyaya ehtiyacı yoxdur:
"Azərbaycanın Rusiyaya ehtiyacı yoxdur, ona ABŞ və İsraillə dost olmaq daha sərfəlidir. Moskva ilə Bakı arasında münasibətlərin pisləşməsi Türkiyənin "Böyük Turan yaratmaq” planlarında tərəfdaş olmaq istəyən Azərbaycanın geosiyasi istəklərinin günahıdır".
Zatulin Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın Rusiya tərəfi ilə münasibətlərin pisləşməsinə görə məsuliyyət daşımamasına belə cavab verib:
"Azərbaycanın İsraillə anti-İran zəminində çox sıx əlaqələrinə diqqət yetirmək lazımdır”.
Onun iddiasına görə, İlham Əliyev guya çıxışlarında İran rəhbərliyində nifaq salmağa çalışır və üstün tutduğu tərəfdaşı İran prezidentinin olduğunu deyir:
"İlham Əliyev çıxışlarında tərəddüd etmədən İran rəhbərliyində nifaq salmağa çalışır və vurğulayır ki, üstün tutduğu tərəfdaşı İran prezidentidir, çünki o, azərbaycanlıdır. İsrail də ABŞ-dəkı müəyyən dairələr kimi indi Azərbaycana İrana qarşı tramplin kimi baxır, Bakı isə İrandakı azərbaycanlılarla iranlılar arasında fərq qoymağa çalışır. Bundan sonra yalnız dar düşüncəli, qərəzli adamlar bizə deyə bilər ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır”.
Milli Məclisin deputatı Naqif Həmzəyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Zatulinin yanaşmaları obyektivlikdən uzaqdır:
"Zatulin anlamalıdır ki, Azərbaycan tərəfi Rusiya vertolyotu xəta nəticəsində vurulduqda üzrxahlıq edib və kompensasiya ödədi. Bəs niyə Rusiya AZAL təyyarəsinin vurulmasına, çoxsaylı azərbaycanlıların qətlə yetirilməsinə görə üzr istəmədi, kompensasiya ödəmədi? Niyə Rusiyada azərbaycanlılara qarşı zorakılıq, döyülmə və hətta öldürülmə hallarına göz yumulur?” – deyə deputat vurğulayıb.
Naqif Həmzəyev qeyd edib ki, Azərbaycan artıq nə 1920-ci ildə işğal olunmuş, nə də 1990-cı illərin zəif dövlətidir:
"Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və yeni geosiyasi reallıqlar yaradıb. Rusiya ölkəmizə bərabərhüquqlu tərəfdaş kimi yanaşmalıdır, onu Sovet və ya Çar Rusiyasının tərkib hissəsi kimi görməkdən əl çəkməlidir".
Deputat həmçinin bildirib ki, Azərbaycanın İsrail və Ukrayna ilə münasibətləri heç bir ölkəyə qarşı deyil:
"Azərbaycan müstəqil siyasət yürüdür. Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib, bu ölkəyə humanitar yardım göstərib. Bəs Rusiya niyə Ukraynada SOCAR-ın anbarlarını vurur, Azərbaycan qazının Ukraynaya ötürülməsinin qarşısını alır? Bu, dostluq və müttəfiqlik prinsiplərinə sığmır".
Sonda Naqif Həmzəyev əlavə edib ki, Rusiya törətdiyi səhvlərə görə üzr istəmək və kompensasiya ödəməkdən imtina etdikcə münasibətlərdəki soyuqluq qalacaq:
"Əgər Rusiya qonşularına yuxarıdan aşağı baxmaq siyasətini davam etdirərsə, əvvəlki münasibətləri bərpa etmək onun üçün çox çətin olacaq".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda dərc edilib.