Azərbaycanlı əsir: "Əlindəki ülgücü alıb, başladı qulağımı kəsməyə..."
Bütün Xəbərlər
00:05 27.10.2011
1752
1992-ci ilin aprel ayında Milli Qəhrəman Çıngiz Mustafayevin erməni əsirliyində olan Ağstafa rayon sakinlərinin qaytarılması zaman lentə aldığı kadrları çoxları xatırlayır. ANS TV-nin əməkdaşları 19 ildən sonra yenidən həmin şəxslərlə görüşüb, əsirlikdə olarkən yaşadıqları barədə söhbətləşmək istədi. İlk danışan Məhəmməd Bayramov oldu. Aradan 19 il keçməsinə baxmayaraq, Məhəmməd Bayramov o günləri unuda bilmədiyini deyir. Əsirlikdə yaşadığı dəhşətli anları isə indi baş veribmiş kimi xatırlayır: “Milli formada bir oğlan gəldi, bizimlə görüşdü və getdi. Sonradan bir də qayıtdı. Cibindən bir ülgüc çıxarıb bizə dedi ki, bir-birinizin qulağını kəsin. O, ülgücü birinci olaraq Füzuli adlı yoldaşıma verdi. Ona verib dedi ki, al onun qulağını kəs. O isə ona dedi ki, yox mən onun qulağını kəsə bilmərəm. Həmin oğlan Füzulini döydü. Sonra əlindəki ülgücü alıb başladı qulağımı kəsməyə. Ülgüc qırıldı və sonra qapının yanında duran oğlandan bıçağı alıb qulağımı kəsdi”. Heç nəyə baxmayaraq həyatına davam etdiyini deyən Məhəmməd Bayramov gündəlik qayğılarla yaşadığı çətin günləri unutmağa çalışır. Amma bəzən daxilindəki qəzəb ona güc gəlir. Qeyd edək ki, Məhəmməd Bayramov Ağstafanın Ermənistanın Berd rayonu ilə həmsərhəd kəndi olan Köhnə Qışlaqda əkinlə məşğul olarkən qarşı tərəfə əsir düşüb. Bəşir Kərimov da 1992-ci ilin mart ayında qarşı tərəfin hərbçiləri tərəfindən Köhnə Qışlaq kəndində sahədə işləyərkən əsir götürülüb. 7 gün erməni əsirliyində qalan B.Kərimov bu 7 günün 70 ilə bərabər olduğunu deyir: “İrəvana apardılar və orada saldılar türməyə. Türmədə də ki, döydüklərini döyürdülər, döymədiklərinin isə üzünə tüpürüb gedirdilər. Bir həftə sonra bizi gətirdilər İcevana. Orada da bizi döyürdülər, mülki şəxslər xox gəlirdilər, qorxudurdular. Kimi deyirdi başınızı kəsəcəyik, kimi deyirdi ki, qolunuzu qıracağıq. Sonradan isə bizi götürdülər ki, aparırıq sizi dəyişməyə. Bizdə dedik ki, aparırlar öldürməyə, dəyişmək nədir?”