Artıq dörd ildir ki, Hankook şirkəti dünya dizayn universitetlərində GƏLƏCƏYİN TƏKƏRİ adlı konseptual dizayn yarışı keçirir. Bu ilki yarışa isə Almaniyanın Pforzheim universiteti dəvət olunmuşdu. Yarışa qatılanlardan 12-si finala vəsiqə qazanmış və münsif rəyi ilə seçimlər edilmişdir.
28 noyabr 2014-cü ildə Almaniyanın Essen şəhərində keçirilən Essen Motor Show-da qaliblərin adları açıqlanmışdır. Xatırladaq ki, ilk üç yeri qazanan iştirakçıların konseptləri nümunə üçün istehsal edilərək sərgi iştirakçılarına təqdim edilmişdir. Belə ki, Azərbaycanlı Samir Sadıxov öz DACAR adlı təkər dizaynı ilə birinci yeri qazanmışdır. Bu, Samirin beynəlxalq avtomobil arenasında ilk uğuru deyildir. Bundan əvvəl də o Ferrari Xəzri və RAD Beast modelləri ilə dünya avtomobil nəhənglərinin nəzərində idi.
Məlumat üçün onu da deməliyik ki, Samirin hazırladığı təkər modeli hal-hazırda dünyanın ən böyük maşın sərgilərinə aparılır və gələcəyin ən yaxşı təkər nümunəsi kimi təqdim edilir. Adına uyğun olaraq təkər ekstremal – şəraitsiz yollarda minimal zədəli hərəkət üçün nəzərdə tutulmuşdur. Öz altıbucaqlı dizaynı sayəsində o hər bir relyef formasına uyğunlaşa bilir. Hər altıbucaqlı hissənin ayrılıqda öz hava kamerası mövcuddur. Bu hissələrin sayəsində təkər zədələndiyi halda sürücü bütöv təkəri deyil, yalnız zədələnmiş hissəni dəyişərək az vaxt itirmiş olur. Xatırladaq ki, bu konsept həm kiçik maşınlar üçün, həm də ağır çəkili yük maşınları üçün hazırlanmışdır.
Model haqqında ətraflı məlumat üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz.