Oktyabrın 17-də Londonda Vestminster Universitetində qondarma “Dağlıq Qarabağ Respublikası”nın fəalları, Ermənistan Gənclər Federasiyasının təşkilatçılığı ilə “Artsakh 360″ adlı tədbir keçirilib. Editor.az xəbər verir ki, tədbirdə Daşnaksyutsun partiyasının fəalı Giro Manoyan, Britaniya Parlamentinin üzvü Stefan Paund, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər edən Rasl Polard və Karolin Foks, qondarma respublikanın iqtisadi blokadadan çıxması üçün canfəşanlıq edən Andranik Kasparyan, Ermənistanın Britaniyadakı səfirliyi iştirak edib.
Tədbirdə 3 saat səbir və təmkinlə iştirak edən azərbaycanlılardan Azərbaycan-Britaniya Məzunları Assosiasiyasının (Azerbaijan -UK Alumni Asssociation – AUKAA) sədri Ramiz Babayev tədbirin sual-cavab hissəsində ayağa qalxaraq böyük əksəriyyəti erməni millətçiləri olan 120 nəfərlik auditoriyada britaniyalı panelistlərə sual verib. Lakin, növbəti panelistə şərh bildirmək istəyərkən R.Babayevin sözü erməni panelisti tərəfindən kəsilib və ermənilər adətlərinə uyğun onun çıxışını davam etməyə imkan verməyiblər.
Ancaq, Karolin Foks müharibə vaxtı ermənilərə yardım etmək üçün BMT-nin humanitar təşkilatlarına müraciətinin cavabsız qaldığını bildirərkən Ramiz Babayev ayağa qalxaraq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, qondarma “Dağlıq Qarabağ respublikası”nın hətta Ermənistan tərəfindən tanınmadığını deyib.