Azərbaycanlı millət vəkili peyğəmbərin təhqir olunmasına münasibət bildirdi

Azərbaycanlı millət vəkili peyğəmbərin təhqir olunmasına münasibət bildirdi
Bütün Xəbərlər
00:15 18.09.2012
1538

"Hz. Məhəmmədin təhqir olunması kampaniyasının yeni mərhələsinə start verildi. Karrikatura hadisəsindən sonra geniş masştablı etiraz dalğası İslam ölkələri deyilən coğrafiyanı bürüdü. Mövzu sosial şəbəkələrdə geniş müzakirə olunduğuna görə məsələyə münasibətlər də ziddiyətlidir. Ortaya sual çıxır ki, ABŞ səfirinin öldürülməsi, binaların yandırılması tutarlı cavab oldumu? Məncə təxribat müəllifləri istədiklərinə nail oldular. İslamı bir zorakılıq dini kimi təqdim edənlərin işlərinə yarayacaq lazımi addımları atdılar. Əlbəttə bizim imkanımız daxilində deyil ki, ayrı-ayrı ölkələrdə kütlənin hərəkətlərini necə olacağını əvvəlcədən proqnozlaşdıraq.

Sadəcə bir problemin açılışı üçün bu qeydləri müzakirəyə çıxarırıq. Peyğəmbərimizə qarşı təhqirlərə verilən cavablar nə dərəcədə İslam əxlaqına uyğun gəlir? Vaxtilə Peyğəmbərimizin karrikaturasını çəkmirdilər, ancaq Taifdə başını daşla yarırdılar, Məkkədə bütün yaxınları ilə birgə ac saxlayırdılar, qızlarını boşayırdılar, tərəfdarlarına fiziki işgəncələr verirdilər. Cavab davranışları nə olurdu? Səbrlə, təmkinlə İslama dəvət edirdi, İslamın gözəlliklərini anladırdı. Hətta ən güclü zamanında belə "məqsədimiz Məkkəni deyil, könülləri fəth etməkdir" deyən bir zehniyyət əsasən bu yolla İslama rəğbət qazandırdı. İndi ABŞ və Avropada İslam sürətlə yayılır, mədəni təbliğatı daha da artırmaq əvəzinə bu səbrsiz, çılğın davranışlarla ümumi prosesə ziyan vurulmurmu?

Əslində təxribatı planlaşdıranların əsas məqsədi bu reaksiyanı yoxlamaq deyildi. Əsas məqsəd İslam dünyası deyilən bir coğrafiyada daha fərqli bir davranış dəyişikliyi olub-olmadığını öyrənmək, eləcə də özlərinin bölgə ilə,bağlı planlarını, İslamın yayılmasına qarşı tədbirləri üçün zəmin hazırlığını gerçəkləşdirmək idi. Səddam Hüseynin təkəbbürünün İraqın başına nəyi gətirdiyini xatırlasanız, Liviyada səfirin öldürülməsinin də mümkün fəsadlarını proqnozlaşdıra bilərsiniz. Məncə bu kimi situasiyalarda İslama həqiqətən də bağlı insanlar üçün Hz. Məhəmmədin (SƏS) davranış əxlaqının nümunələri yetərli olardı. Hz.Həmzəni öldürən Vəhşiyə münasibətindən tutmuş, onu təhqir edənlərə qarşı alicənab davranışlarına qədər yüzlərcə nümunə saymaq olar. Pis əməlin cavabı imkan daxilində yaxşı əməl olmalıdır. Bu mümkün deyilsə belə, hətta sərt cavab belə ədalətsiz olmamalıdır. Küstah və təxribatçı bir rejissorun əməlinin cavabını bir elçinin ödəməsi anlaşılan deyil.

Bəlkə o elçi İslama simpatiya duyan birisi olmuş? Ona görə də bütün hallarda İslam adı ilə verilən cavabların "İslamda zor yoxdur" deyən Allah kəlamına qarşı qoyulmasına yol vermək doğru sayılmaz". AZXEBER.COM-un məlumatına görə, bu sözləri şəxsi "facebook" səhifəsində millət vəkili Fazil Mustafa yazıb.

OXŞAR XƏBƏRLƏR