Məşhurların sosial şəbəkələrdəki hesablarını sındıran hakerlər bu dəfə azərbaycanlı modeli hədəf seçiblər.
AZXEBER.COM “Milliyet” qəzetinə istinadən xəbər verir ki, aktyor Tolqa Kareldən rəsmən boşandıqdan sonra hələ də diqqət mərkəzində qalan model Günay Musayeva haker hücumuna məruz qaldığını deyib.
Ötən gün İstanbulun Etiler semtindəkı istirahət məkanlarından birində vaxt keçirən G.Musayevanın mobil telefonunu uzun müddət qurdalaması jurnalistlərin diqqətindən qaçmayıb.
Bu barədə reportyorların sualını cavablayan azərbaycanlı model hakerlərin onun mobil telefonuna müdaxilə etdiklərini deyib:
“Telefonumdakı hər şey silindi. Sabah telefonumdan silinmiş materialların bərpa edilməsinin mümkünlüyünü yoxlayacam”.
G.Musayeva əlavə edib ki, telefonda özünün foto və videoları olmayıb:
“Sadəcə, oğlum Cahangirin körpəlik şəkilləri vardı. O şəkilləri kompüterə köçürmədiyim üçün çox heyfsləndim”.