Tanınmış politoloq, keçmiş deputat, Qarabağ müharibəsi veteranı Cümşüd Nuriyevə “Bizim Yol” qəzetinə müsahibəsində bir sıra şok sayılacaq açıqlamalar verib. O, Azərbaycan ordusundakı vəziyyətə toxunaraq, Macarıstanda bayrağımızı təhqir etdiyinə cavab olaraq erməni zabitini öldürüb həbsə düşən Ramil Səfərovla Milli Qəhrəman Mübariz İbrahimovun müqayisəsini aparıb. AZXEBER.COM həmin müsahibəni təqdim edir...
- Mübariz İbrahimov bir Azərbaycan gəncinin nəyə qədir ola bildiyi və nəyə olduğunu işğalçı Ermənistana sübut elədi. Amma, Ramil Səfərov haqqında bunu demək olmaz… Hamımıza məlum addımı atmamalı idi. Azərbaycan dövləti ona kifayət qədər pul xərclədi, amma… Hər ikisi erməni öldürsə də, ikincinin yolu yanlışdır. Valideyinlərinə hörmətim var, lakin deməliyəm ki, mən Ramil Səfərovun addımını qəbul eləmirəm. İbrahimovun göstərdiyi şücaət, igidlik, qəhrəmanlıqdır. Səfərovun etdiyi isə “qəhrəmanlıq”dır. O, bu cür yanlış addım atmamalı idi. Onu erməni söyən zaman vursaydı, bu, gözəl bir yanaşma olardı. Və İbrahimovla müqayisə oluna bilərdi. Amma o, millətimizə xas olmayan hərəkət etdi. Çox bacarıqlı gənc idi, təəssüflər olsun ki, hisslərinin qurbanına çevrildi. Bu hiss onu kor elədi və korluq nə ona, nə də xalqa baş ucalığı gətirdi.
-Sizcə, bu cür addım dövlətin imicinə xələl gətirdimi?
- Dövlətdən çox xalqın imicinə ziyandır. Hələ dövlətin ona ayırdığı vəsaiti bir kənara qoyuram. O, Türkiyədə hərbi təhsil almışdı. Xalqımız heç bir zaman yatan adamı vurmayıb. Baxın, Azərbaycanda o qədər qaçaqlar olub! Hansı belə hərəkət edib? Hətta oyaq zamanı düşmənin qucağında uşaq, ya da yanında qadın görəndə, onu həmin vaxt öldürməyib. Bu, Azərbaycan kişisinə məxsus olan bir şeydir. Ola bilsin, müasir dövrümüzün gəncləri bu barədə oxumayıblar, eşitməyiblər. Lakin bu, faktdır ki, Azərbaycan türkü yatan adamı öldürmür.
- Eyni zamanda, bu iki hərbçimizdən heç birinə silaha sarılmaq üçün komanda verilməmişdi…
- Bəli, hər ikisinin hərəkəti qanunsuzdur. Amma Mübariz Azərbaycan ordusunun etmək istəmədiyini etiraz əlaməti olaraq həyata keçirdi. O, sübüt etdi ki, Azərbaycan xalqının mübariz, igid oğlanları var. Azərbaycan Silahlı Qüvvələrinin döyüşə hazır olub-olmaması sualına da bu hərəkət cavab verdi. O, bununla “ordunu düşmənin üzərinə göndəmək lazımdır” mesajını verdi. Bu, ağıllı qanunsuzluqdur!
Biri də var ağılsız qanunsuzluq. Yumuşaq deyək ki, Ramilin addımı düzgün deyil. Bir gənc olaraq ona həm hörmətim var, həm də yazığım gəlir. O, atdığı addımla öz həyatını məhv elədi, eləcə də, onu sevənləri çətin duruma saldı. Odur ki, haqqında konkret fikir söyləmək də çətindir. Dilimizdə onun hərəkətinə yanlış desək də, ürəyimizdə ona da haqq qazandırırıq. Bax bu iki yanaşma bizi çətin vəziyyətə salıb.
Bir daha vurğulayım ki, Mübarizin hərəkəti tamam başqadır. O, içindəki hayqırtı ilə bərabər, Azərbaycan ordusunun edə bilmədiyini göstərdi ki, biz bunu edə bilərik.
- Mübarizin etdiklərini edən başqa şəhidlərimiz də var. Amma nədənsə, onlar daha az diqqət gördülər…
- Adətən müharibələrdə ölənlər çox olur. Amma, onların arasında kiminsə qəhrəman kimi təqdim olunması o şəxsin qismətidir. Vətən uğurunda döyüşüb ölənlər heç də Mübarizdən əskik deyil. Çünki, hər biri erməni silahının hədəfinə tuş gəlib. Onlar da şəhiddir, şəhidin də bütün hallarda yeri Cənnətdir. Seçim isə onu təqdim eləyənlərdən asılıdır. Azərbaycanın hər bir öləni qəhrəmandır. Birinci Qarabağ savaşında elə oğlanlarımız qanı torpağa qovuşdu ki, onlara nəinki bu adı vermirlər, heç Müdafiə Nazirliyi onlarıın vuruşduqlarını etiraf etmir. Çünki, nazirliyə sərf eləməyib. Seçib həm də bir siyəsətdir. Mübarizə bu adı verməklə, dövlət gəncləri maarifləndirdi. Diqqət edirsinizsə, Azərbaycan son zamanlar hərbi dildə danışır. Qarabağ problemini müharibə müstəvisinə keçirmək üçün bir informasiya uduşu, yaxud piar texnalogiya deyək. Hansını müasir dövrdə əlaqələndirib deməyimizə baxmayaraq, hər halda Mübariz bu addımı atıb, taleh onun üzünə gülüb.
- Dediniz ki, Qarabağ müharibəsində bəzi döyüşənləri Müdafiə Nazirliyi danır. Səbəb nədir?
- Bu, bir qədər mənim üçün də qaranlıqdır. Bilirsiniz, gözümüzün qarşısında o zaman elə oğlanlar vuruşub, şəhid olub, əlil, veteran olub… Amma, hazırkı müdafiə naziri Səfər Əbiyev o zaman qorxusundan cəbhə xəttində getmirdi. Bu şəxs o zaman Qazaxda gəlib hərlənirdi, amma bir dəfə də olsun, döyüş gedən əraziyə ayaq atmadı. Lakin, Baş Qərargah rəisi Nəcməddin Sadıqov döyüş bölgəsindəydi. Baxın, müharibədən kim qazandı? Əlbəttə Səfər Əbiyev. Bu, acı da olsa, həqiqətdir ki, kasıblar vətən, xalq yolunda əziz canından belə keçir, ancaq varlılar, fırıldağı bacaranlar bundan yararlanır. Həmin nazirlikdə olan generalların əksəriyyətinin mənəvi haqqı yoxdur ki, bahalı maşınlara minsinlər və bahalı villalarda yaşasınlar. Bunların hamısı onlara haramdır. İş ondadır ki, şərait generallardadır.
Bir fakti deyim. Bir hərbçi Müdafiə Naziriliyində oturanların yarıtmaz fəaliyyətindən, korrupsiyadan danışan kimi deyirlər ki, guya həmin şəxslər erməniyə işləyir. Əvvəla, bu, erməniyə işləmək deyil, öz yanlışlıqlarımızı özümüz görməliyik. İkincisi isə, magistr təhsilli bacım oğlu Beyləqanda general üçün daş daşıyanda belində, onurğa sütununda “qrija” yaranır. Və bu halda nazirlik onu ordudan tərxis edir. Bunu da heç cür sübut etmək olmur.
Azərbaycanda çox olan məhsullardan biri kartofla soğandır. 80 qəpiyə olan soğan və kartofu xaricdən nazirlik pudra şəklində 4-5 manata alıb gətirir. Bunun da hası keyfiyyətdə olması naməlumdur. Bu harınlıqdır. Cəbhə bölgəsində varlı balasına rast gələ bilməzsiniz. İmkanlıların uşağı xaricdə təhsil alır, adı orduda gedir, amma, özü evdədir. Ordu hazırda biznesə çevirilib. Adı milli ordu olsa da, burada etniklər fəallıq təşkil edir, rəhbərlik edirlər. Ölkənin 80 faizini Azərbaycan türkləri təşkil etsə də, nazirlikdə işləyənlərin 20 fazi türklərdir. Qəzet səhfələrinə onların obyektlərinin adı sığmır. Böyük mafiya yaradıblar. Milli Məclisdə də onları dəstəkləyən şəxslər var. Qəzet bunlardan yazan kimi məhkəməyə verirlər. Orduda cəngəllik qanunları mövcuddur.
Əsgər var ki, aylardır çimmir, yataq görmür. Mübariz də bu haqsızlığa etiraz əlaməti olaraq bunu etdi. Gərək bu şəxslər onun qəhrəmanlığından utanardılar. Lakin, ağ damarları partlayıb. 15 il müdafiə nazir ola bilərmi? Bu da acı həqiqətdir. Nazirliyin mətbuat xidmətinin katibi Eldar Sabirğoluna mətəl qalıram. Bu şəxs indiki Ermənistandan gələnlərdəndir. Kürsüsünün girovuna çevrilib.
Mən Beyləqanda hərbi hissədə olmuşam. Televizorda göstərilənlər yalandır. Yaxınlarda zabitlərin kazarmanı maaşları ilə təmir etmələri barəsində videogörüntüdə dedikləri həqiqətdir. Blendajlar yaman gündədir. Uşaqlar qazma yerlərdə yatırlar. Geyim, yemək təminatları pis vəziyyətdədir. Keçmiş prezident Heydər Əliyevin qovduğu Məmməd Beydullayevi Səfər Əbiyev gətirib, yenə ora qoyub. Bu şəxs də baş kəsməklə məşğuldur. Adını xalqın ziyalısı qoyanlar, millət vəkilləri Müdafiə Nazirliyinin tenderlərində iştirak edirlər.
- Cümşüd müəllim, hansı kriteriyalara əsasən, “Azərbaycanın Milli Qəhramanı” adı verilir?
- Bu barədə qanun var. Bu ad üçün təqdimatı Müdafiə Nazirliyi ali baş komandana verir. Qarabağ veteranı olaraq açığını deyim ki, bu adın verildiyi elə şəxslər var ki, tanımıram. Necə olub ki, bu adı alıblar, onu da bilmirəm. Qanuna uyğun olaraq bu kriteriyalara düşənlər çoxdur, amma bu adı ala bilmirlər.
- Başqa bir maraqlı məqam da var. Mübariz İbrahimovun göstərdiyi şücaəti bir neçə il öncə “Qarabağ partizanları” adı ilə tanınan dəstə üzvləri də göstərmək istəyirdilər. Lakin onların işi nəinki təqdir olundu, hətta həbs edildilər…
- Əslində, partizan döyüşü arzuolunandır. Onu bilirəm ki, erməni kəşfiyyatı cəbhə xəttini keçir. Amma, mənim “Qarabağ partizanları”ndan xəbərim yoxdur. Ölüm kəfənini geyib getmiş bu şəxslər olubsa, dəstəkləyirəm. Onları həbs etmək lazım deyil. Kimin anası, arvadı erməndirsə, ermənilərin işğalçı hərəkətini dəstəkləyirlər. Bu şəxsləri həbs edənlər çox gümün etniklərdir. Çünki ermənilər də etnikdirlər. Deputatlar, ziyalılar susurlar. Bu şəxslər özünə hörmət eləməlidirlər.
- Son olaraq, Azərbaycan əsgəri kimə, hansı qəhrəmana bənzəməlidir?
- Türkiyə əsgərinə oxşamalıdır. Şəhidə hörmət, onun ailəsinə diqqət, sayğı bu ölkədə gözəl nümunədir. Azərbaycan türkü Türkiyə türki kimidir. İslahatların olması üçün gərək milli ordunu türklər idarə eləsin. Ermənistanın ümumi büdcəsi qədər olan Müdafiə Nazirliyinin büdcəsini yeyib-dağıtmaqla məşğuldurlar. Bakıda bizneslərini qururlar, kötüçələrinin yeyə biləcəyi qədər pulları var. Nazirlikdə elə adam var ki, ailədə 4 nəfər olmasın baxmayaraq, 7 maşınları var. Şkaf kimi mühafizəçiləri var.
Mənbə: ”Bizim Yol” qəzeti