Zaur Qurbanov kibercinayətkarlığın qurbanı olub
Azərbaycanlı rejissor Zaur Qurbanov kibercinayətkarlığın qurbanı olub. AZXEBER.COM-un məlumatına görə, rejissor “anspress.com” saytına açıqlamasında naməlum internet istifadəçisinin icazəsiz olaraq onun "Facebook" səhifəsinə daxil olaraq, porno görüntülər olan videoçarx və eyni səpkili fotolar yerləşdirərək dostlarına göndərdiyini bildirdi. Z.Qurbanov başına gələnləri belə şərh etdi: "Vaxt azlığından həmin videoçarxı izləmək imkanım olmamışdı. Bu məsələdən mənə gələn məktublardan xəbər tutdum. Məktublarda hər kəs məni qınayırdı. Hətta məni məhkəməyə verəcəkləri ilə hədələyənlər də var idi. Çaşıb qalmışdım, söhbətin nədən getdiyini belə anlamırdım... Məsələni özüm üçün aydınlaşdırmaq üçün səhifəmdə olan bütün fotoları, videoçarxları bir-bir yoxladım və məni rüsvay edən videoçarxı tapdım. Porno film idi..." Nə edəcəyini bilməyən rejissor məsələnin həllini Milli Təhlükəsizlik Nazirliyinə yazılı şəkildə müraciət etməkdə görüb: "Facebook dostlarım arasında adlı-sanlı, hörmətli şəxslər də az deyildi. Özünə hörmət edən hər kəs adımla göndərilən videonu alan kimi mənim öz dostlarının siyahısından silmişdilər. Daha da çox rüsvay olmayım deyə məcbur qalıb profilimi bağladım. Məsələnin ciddiliyini nəzərə alıb Milli Təhlükəsizlik Nazirliyinə şikayət etdim. Hazırda Zaur Qurbanovun "Facebook" səhifəsinə icazəsiz daxil olaraq əxlaqsız fotolar və videoçarx yerləşdirən naməlum şəxsin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsində araşdırma aparılır.