“Azərbaycanlıdan dünyaya gələn erməni 19 yaşında öz dayısına silah tuşlayır” – MÜSAHİBƏ

GƏNCLİK
00:16 06.10.2011
2446

Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.

AZXEBER.COM portalıfestivalda iştirak edən “Zirzəmi” pyesinin müəllifi, gənc yazar Zaur Qəriboğlunun müsahibəsini təqdim edir.

Necə oldu ki, bu festivala qoşulmaq qərarına gəldiniz?

Festival haqqında məlumatları “azxeber.com” portalından əldə etdim. Məlumatı əldə etdikdən sonra festivalın “Facebook” sosial şəbəkəsində olan qrupuna daxil oldum və əlaqə yaratdım. Ssenarimi göndərdikdən sonra mənimlə əlaqə yaradıldı və ssenarimin keçdiyi haqqında mənə məlumat verildi.

Pyesdə vətənpərvərlik çalarları özünü daha çox hansı hissələrdə büruzə verir?

“Zirzəmi” mənim kitablarımın birində hekayə formasında çap edilmişdi. Mən daha sonra onu pyes halına gətirdim. Pyes və hekayə arasında fərq olduqca çoxdur. Burada sujet xəttindən başqa hər şey dəyişib. Mən bu pyesdə vətənpərvərlikdən əlavə “ağ ölüm” deyilən narkomaniyanın verdiyi bəlalardan daha çox bəhs etmişəm. Bu nəinki Azərbaycanın,hətda bütün dünyanın problemidir. Burada, fikir versəniz, Nadir narkomaniya ilə məşğul olan bir biznesmendir və o gəncləri zəhərləməklə məşğuldur. Sonda isə onun ən ağır cəzası oğlunun ölümü ilə verilir. Birinci dəfə mən bu pyesi işləyəndə Nadiri MTN tuturdu. Ancaq sonra düşündüm ki, bu onun üçün çox yüngül bir cəzadır və bunu dəyişib oğlunun ölümü ilə əvəzlədim. Burada “ağ ölüm”ə qarşı mübarizə də özü bir vətənpərvərliyin nümunəsi kimi təsvir edilib. Zaur Qəriboğlu üçün vətənpərvərlik nədir?

Mənim üçün vətənpərvərlik vətənə görə ölmək deyil, vətən üçün öldürməkdir. Niyə biz ölməliyik axı? Düşünürəmki, ölmək zəifliyin göstəricisidir. Ona görə bu pafoslardan daha çox öldürmək əsl vətənpərvərlik nümunəsidir. Amma bu gün bu, reallıqdır ki, biz özümüzü zəif kimi göstərib fəxr edirik. Zəifliyimiz ondadır ki, biz ən böyük problemi unuduruq. O problem ki əsir düşmüş qadınımızdan dünyaya gələn erməni 19 yaşında bizə - səngərdən öz dayısına silah doğruldur. Bax bu bizim ən böyük problemimizdir. Ancaq, bunu biz tez unuduruq. Ona görə deyirəm ki, vətən üçün ölmək yox öldürmək daha yaxşıdır.

Hərbi xidmətdə olmusunuz? Bəli olmuşam.

Bəs o zaman vətən üçün öldürməyi fikirləşmisiniz?

Mən Füzuli rayonunda hərbi xidmətdə olmuşam. Hər zaman da bu düşüncə ilə yaşamışam ki, ən yaxşı vətənpərvər insan vətəni üçün insan öldürən əsgərdir. Özü də mən hərbi hissədə olarkən bir şey diqqətimi hər zaman çəkirdi. Hazırda mətbuatda bu barədə hərdən yazırlar ki, orduda neqativ hallar artıb. Mən ön xətdə qulluq eləmişəm və əsgərlərin ruhunu, texnikanı, ordunun gücünü öz gözlərimlə görmüşəm. Kim ki mətbuatda ordu haqqında heç bir fakta söykənmədən xəbər yazır, mən həmin adamları vətən xaini hesab edirəm. Siz neqativ halları işıqlandıran mətbuat işçilərini vətən xaini hesab edirsiniz?

Xeyr, mən heç bir fakta söykənmədən ordu haqqında həqiqətə uyğun olmayan rəvayətlər yazan insanları vətən xaini hesab edirəm. Hazırda ədəbiyyatda bir neçə yazar Mübariz haqqında romanlar, hekayələr yazıb nəşr etdirib. Hətta Elxan Elatlının “Qisas gecəsi” romanı da bu mövzuya həsr edilmişdi. Siz necə, gələcəkdə belə bir şey düşünürsünüzmü?

Bizdə belə bir şey var ki, kimsə öz piyarını aparmaq üçün mütləq xalqın gözünü dikdiyi bir şeydən yazmalıdır. Burada söhbət Elxandan getmir. Mən Mübarizi Babəkə, Cavanşirə paralel bir şəxsiyyət kimi tuturam. Bəziləri onun haqqında nəinki kitab, hətta klip də çəkdirdi. Mən bunun əleyhinəyəm. Bu gün sual olunur ki, niyə Qarabağ haqqında tutarlı bir şey ortalığa çıxmır. Çünki sadələşdirirlər hər şeyi. Bu da çox böyük səhvdir.

Yəni tələskənlik olmamalıdır?

Bəli, tələskənlik olmamalıdır. Qarabağ haqqında bilirsiniz nə zaman ən tutarlı bir film və ya roman yazılacaq? O zaman ki, onda müharibə bitəcək və hər şey öz normasına düşəcək. Bax onda əsl filmlər meydana çıxacaq. Ona görə mən də bu haqda yazmağı fikirləşmirəm. Və sonda, bir gənc yazar kimi “Zirzəmi” pyesi, sizcə, festivalda layiqli yerini tutacaqmı? Bu barədə gözləntiləriniz necədir?

Mənim pyesimdə obrazlar daha çox yaşlılar üzərində qurulub. Festival isə sırf gənclər arasında olduğu üçün 70% bu festivalda “Zirzəmi”nin qalib gələcəyinə inanıram. Ona görə hələ rejissorla da görüşümüz olacaq və onunla da fikirlərimi bölüşəcəm. Həm mənim, həm də onun yeganə məqsədi festivalda layiqli yer tutmaqdır. Ona görə uğur qazanacağına inanıram. Həm də “Zirzəmi” pyesində oxucuda ironiyaya səbəb olacaq bir neçə nüanslar var. Belə ki, pyesin 2-ci pərdəsində erməni məsələsi ön plana çəkilib. Burada yurdundan yuvasından ayrı düşmüş köçkün ailənin erməni ilə dostluq edən bir biznesmenin yanında qul kimi işləməsi təsvir edilib. Və sonda erməninin həmin biznesmenin evinə gələrək Azərbaycanı təhqir etməsinə məcburi köçkün olan kişi dözmür və əlini silaha atır. Yəni pyesdə müzakirə ediləcək sosial ismarıclar daha çoxdur.

Festivalda uğurlar sizə

Təşəkkürlər...

Söhbətləşdi: Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR