13,5 hektar ərazidə salınan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində yeddimərtəbəli əsas korpus, nəzarət-buraxılış məntəqəsi, konfrans bölməsi, idman meydançaları, açıq və qapalı hovuzlar, xüsusi çimərlik sahəsi, ikimərtəbəli kotteclər, dəniz kənarında müxtəlif iaşə obyektləri və digər istirahət guşələri yaradılıb. İnşa edilmiş bina və qurğuların ümumi sahəsi 30 min kvadratmetrdir. Həm mərkəzin qarşısında, həm də sahil boyu ərazidə göz oxşayan geniş yaşıllaşdırma işləri aparılmışdır. Dəniz gəzintisi üçün xüsusi ərazi var. “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi bütün zəruri mühəndis-kommunikasiya və müasir işıqlandırma sistemləri ilə təchiz olunmuşdur. Mərkəzin ərazisindəki yollar da yenidən qurulub.
Müasir memarlıq üslubunda inşa olunmuş yeddimərtəbəli binanın ümumi sahəsi 25 min kvadratmetrə yaxındır. Burada 328 yerlik yataq və istirahət otaqları yaradılmışdır. Binanın foyesində və birinci mərtəbəsində istirahət guşələri qurulmuşdur. Mərkəzdə müasir tələblərə cavab verən iaşə obyektləri inşa olunmuşdur. Müxtəlif beynəlxalq və yerli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik konfrans zalında hər cür şərait vardır. Burada fitnes və ən müasir idman avadanlığı quraşdırılıb, uşaqlar üçün əyləncə mərkəzi fəaliyyət göstərir.
Mərkəzin dənizə baxan hissəsində 160 kvadratmetr ərazidə dekorativ su hovuzu inşa olunub. Ərazidə əsas korpusla yanaşı, ikimərtəbəli 8 kottec tikilmişdir. Açıq havada yaradılan iki su hovuzu həm böyüklər, həm də kiçiklər üçün nəzərdə tutulub. Mərkəzdə qonaqların istirahətinin yüksək səviyyədə təşkili məqsədi ilə sahilə yaxın ərazidə ilin müxtəlif mövsümlərində iaşə obyektləri fəaliyyət göstərəcəkdir. Bu istirahət guşələri də müasir standartlar səviyyəsində qurulub. Dəniz gəzintisinə çıxmaq istəyənlər qayıqlardan istifadə edə biləcəklər. İstirahət məkanını dənizin çimərliyi tamamlayır.
Bu çimərlik dağlarla çarpışaraq, möcüzəli girinti-çıxıntılı qayalıqlarla daha da cazibədar görünərək təbiət və gözəllik vurğunlarını qoynuna səsləyir. Dənizin narın qızılı qumu və sərinliyi istirahətçilərə ruhən sakitlik, dinclik, rahatlıq-sağlamlıq bəxş edir.
Müştəri məmnuniyyətinin yaradılmasında əsas şərt olan qonaqlara xidmət mexanizmi də çox qısa müddətddə “Xəzri” ən nümunəvi formada qurulub. 167 nəfərlik personalın burada istirahət edənlərlə yaratdığı xoş ünsiyyət, göstərdiyi yüksək diqqət, verilən sifarişlərin operativ və qüsursuz formada icra olunması bu istirahət mərkəzini fərqləndirən əsas məqamlardandır. Eyni zamanda qonaqlara təqdim olunan qida menyusu və onun yüksək keyfiyyəti də diqqətdən yayına bilməz.
Bir sözlə, Azərbaycanımızın gözəl təbiətiylə bu məkanın möhtəşəmliyi vəhdət təşkil edir. “Xəzri”nin sakinləri burada istirahət edənlər üçün yaradılmış hərtərəfli yüksək şəraitə görə, ölkə prezidenti İlham Əliyevə və Daxili İşlər naziri Ramil Usubova öz təşəkkürlərini çatdırırlar.