“Azərbaycanlıya oxşadığım üçün məni heç bir filmə çəkmədilər” – MÜSAHİBƏ

GƏNCLİK
19:42 03.12.2011
6325

Tural Əhməd: “İnsan aktyor olmur, aktyor kimi doğulur”.

Tural Əhməd: “Mən azərbaycanlıya oxşadığım üçün məni Azərbaycanda filmə çəkmədilər”

Vasif Həsənli: “Mən sənətsiz yaşaya bilmərəm”.

Vasif Həsənli: “Bir televizorumuz var idi, o da yalnız qapazla işləyirdi”.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Gənclərin I Ümumrespublika Teatr Festivalının başa çatmasından artıq iki gün keçir. Məlumat üçün xatırladım ki, festivalda birinci yeri “Q.A.T.A.R” studiyası , ikinci yeri T.O.T.E.M” tələbə teatrı, üçüncü yeri isə Mingəçevir Uşaq Yaradıcılıq Mərkəzi tutdu. 3 aydan çox davam edən qızğın mübarizənin qaliblərinin sevinci Gənc Tamaşaçılar Teatrında sevinc gözyaşları ilə, “ura” sədaları ilə qarşılandı.

Biz də AZXEBER.COM portal olaraq qaliblərin sevinclərini oxucularımızla bölüşmək üçün “Q.A.T.A.R”ı redaksiyamıza dəvət etdik. Azərbaycanın teatr sahəsinin ən yaxşıları böyük məmnuniyyətlə dəvətimizi qəbul etdilər.

“Q.A.T.A.R” yaradıcılıq studiyasında hər bir iştirakçının böyük rolu olub. Bu iştirakçılardan biri də Tural Əhməddir.

Tural Əhməd: “İnsan aktyor olmur, aktyor kimi doğulur”.

- Tural qalibiyyət sənin üçün necə bir duyğudur?

- Mənim üçün həyatda xoşbəxt insan yoxdur, xoşbəxt anlar var. Biz qalib gəldik və mən o xoşbəxt anlardan birini yaşadım.

- Tural, harada təhsil almısan?

- Mən 2001-ci ildə Azərbaycan Siyasi İctimai Universitetinin “Jurnalistika” fakültəsində təhsil almışam. Oranı bitirdikdən sonra 2008-ci ildə Rüstəm İbrahimbəyovun kinoakademiyasında oxumuşam. Uşaqlarla da orada tanış olmuşuq. Uşaqlıqdan bu sənətin vurğunu olmuşam. Çünki insan aktyor olmur, aktyor kimi doğulur.

- İlk başlardan aktyorluğu seçib ADMİU-ya sənədlərivi verə bilərdin. Niyə məhz jurnalistikadan aktyorluğa keçdin?

- Jurnalistikanı bitirdikdən sonra çox peşman olmuşdum. Amma müəyyən səbəblərdən mən incəsənət universitetinə sənətlərimi verə bilmədim. Ailəmin təkidi ilə jurnalistikaya gəldim.

- Səncə bəzi ailələrin incəsənətə olan bu cür antipatiyası nədən qaynaqlanır?

- Mən universitetə girmək istəyən zamanlarda incəsənətdə bir durğunluq yaşanırdı. Bu durğunluq təbii ki, heç bir valideynin nəzərindən qaça bilməzdi. Ona görə, ailəm mənim incəsənətə getməyimə qarşı çıxdı. Ancaq daha sonra onlar mənim nə hiss etdiyimi başa düşdülər və mənim fikirlərimə hörmət etməyə başladılar.

- Hazırda aktyorluqla bərabər hansısa bir işlə məşğul olmusanmı?

- Hazırda özəl bir firmada fəaliyyət göstərirəm. Düzdür mənim sevdiyim işlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Amma sosial vəziyyətləri nəzərə alıb çalışmağa məcburam.

- Bəs hazırda çalışdığın sahədə xoşbəxt deyilsən?

- Təbii ki, aktyorluqdan aldığım zövq qədər heç nədən zövq almıram. Bu sənət mənim üçün çox böyük bir dəyərə malikdir.

- Q.A.T.A.R-dan öncə hansısa bir uğura imza atmısanmı?

- Mən bir çox kastinqlərdə iştirak etmişəm. Bu kastinqlərin nəticəsində məni heç yerə götürməyiblər. Həmişə rejissorların gözündən yayınmışam.

- Bunun səbəbini nədə görürsən?

Təbii ki, səbəblər arasında hardasa mənimdə özünəməxsus payım var. Amma yadımdadır ki, kastinqlərin birində rejissor mənə dedi ki “Səndə azərbaycanlı sifəti var ona görə səni götürmürük”. Bunu eşitdikdən sonra şoka düşdümki, mən azərbaycanlıya oxşadığım üçün məni Azərbaycanda filmə çəkmədilər. Yəqin ki, mən başqa bir millətin nümayəndəsi olsaydım o zaman məni kastinqdən keçirərdilər. Ancaq bu tamaşadan sonra Vaqif Əsədov mənə yaxınlaşdı və mənim serialda çəkilməyim üçün təklif irəli sürdü. Əgər alınsa seriala çəkiləcəm.

Canlandırdığı obrazla tamaşaçıların rəğbətini qazanan iştirakçılardan biri də, Vasif Həsənli oldu. Vasif ADMİU-nun 3-cü kurs tələbəsi kimi, ilk uğurunu məhz bu festivalda əldə etdiyini söyləyib:

Vasif Həsənli: “Bir televizorumuz var idi, o da yalnız qapazla işləyirdi”.

- Vasif istərdim oynadığın obraz haqında biraz məlumat verərdin.

- Tamaşada Qorqud və Tural vətənpərvər gəncləri canlandırırdılar. Digər obraz isə, mənim obrazım idi. Bu obrazın adı Anardır. Anar, Qorqud və Turaldan fəqli olaraq vətən uğuruna gedən müharibədən yayınır və canını qurtarmaq üçün anasını və qardaşını buraxaraq Bakıya qaçır. O Bakıya qayıtdıqdan sonra, kef içində yaşayır və torpaqlar geri alındıqdan sonra Şuşaya qayıdaraq anasını və qardaşını axtarmağa başlayır. Ancaq onun bu cəhdləri boşa çıxır, çünki Anarın qardaşı Cavid və anası artıq həlak olmuşdu.

- Vətənpərvər insan səncə ancaq səngərdə döyüşənə deyirlər? Məsələn götürək sənin canlandırdığın Anar obrazını. Ola bilməzdimiki, Anar özü Bakıda hər hansı bir sahədə fəaliyyət göstərməklə vətəninə xidmət etsin?

-Siz dediyiniz kimi olsaydı, o zaman tamaşa uğursuz alınardı.

- Vasif, bu sənətə gələrkən ailən sənə dəstək oldumu?

- İlk dəfə universitetə imtahan verəndə qəbul olmadım. Daha sonra yenidən hazırlaşdım və qəbul oldum. Anam mənim bu sənətdə qalmağım üçün çox böyük dəstək göstərib. Hamı bilir ki, mən sənətsiz yaşaya bilmərəm.

- Bu peşəyə olan sevginin sirri nədən qaynaqlanır?

- Biz heç vaxt yüksək ailələrdən olmamışıq. Özümüzün madi imkanımız o qədər yaxşı deyildi ki, mən gedim hər hansı bir tamaşanı izləyim, kinoya baxım. Bir televizorumuz var idi, o da yalnız qapazla işləyirdi. 7 sinifdə oxuyardkən qərar verdim ki, aktyor olacam.

- Hazırda hansı işlərlə məşğulsan?

- Özüm yeni bir tamaşa üzərində işləyirəm. Çalışacam ki, digər festivala da qatılım. Ancaq hazırda heç bir işlə məşğul deyiləm.

- Vasif bu sənin ilk uğurun idi?

- Bəli. Bu mənim qazandığım ilk uğur idi və mən ilk pulumu məhz bu festivaldan qazandım.

- Anar obrazını səndən başqa birinin daha yaxşı canlandıra biləcəyinə inanırsanmı?

- Əslində hər bir aktyor bir obrazı fərqli formada tamaşaçıya təqdim edir. Ancaq bu obrazı görmürəm. Çünki mən Anarı canlandırmazdan öncə özümü rola hazırlayırdım. Özlüyümdə müşahidələr aparırdım.

- Favoritlərin arasında kimlər var idi?

- “O an bizim gözümüzlə” və “Mənim düşmən oyuncağım”. Bu iki tamaşa çox gözəl hazırlanmışdı. Çox xoşum gəldi. Mən bir məsələyə toxunmaq istərdim. Əgər münsiflərdən kimsə bizi peşəkarlıqda günahlandırırdısa, o zaman ədalətli olmaq lazımdır. Çünki adını sadaladığım hər iki tamaşa bir peşəkar işi idi.

- Bəs sənin Q.A.T.A.R-ın qalibiyyətinə şüphə ilə yanaşanlara münasibətin necədir?

- Münsaibətim birmənalıdır. Çünki biz inanmırdıq ki, birinciliyi götürəcəyik. Həqiqətən yaxşı çıxış etdik. Yaxşılar var idi. Ancaq, biz qalib gəldik. Bu cür əsassız iddialarla özlərini piyar etmək istəyən insanları bu cür cılız addımlardan çəkinməyə dəvət edirəm.

Ağalarov Əfsələddin

OXŞAR XƏBƏRLƏR