Artıq SimSim abonentlərin danışıqları konturla deyil, manatla hesablanacaq. Qeyd edək ki, Azercell 1998-ci ildə dünyada əvvəlcədən ödəmə və danışıqların konturlarla ölçülməsini tətbiq edən ilk şirkətlərdən olub. Bu sistemin tətbiqi həmin dövrdə zamanın tələbi idi.
Bu gün SimSim abonentləri üçün kontur əvəzinə manat hesablama sisteminə keçid də bir zaman tələbidir. Yeni ödəmə sisteminə keçidin əsas məqsədi milyonlarla abonentin danışıq vaxtı ilə bağlı daha çox məlumat alması və müqayisələr aparmasıdır. Azercell əminliklə bəyan edir ki, yeni sistem abonentlərin cari danışıq vaxtını idarə etməsinə və ona nəzərat etməkdə yardımçı olacaq. Yeni sistemin tətbiqi Azercell üçün elə də asan proses olmayıb. Çünki ödəmə sisteminin dəyişdirilməsi, tamamilə yeni əsaslı hesablaşmalara keçid texniki baxımdan mürəkkəb və vaxt aparan prosesdir. Lakin Azercell kollektivi gərgin iş, dəqiq hesablamalar və dəfələrlə aparılan sınaqlar nəticəsində texniki hazırlıqları qısa müddətdə başa çatdıra bilib.
Azercell Telekom MMC-nin prezidenti Ali Ağan yeni hesablama sistemi tətbiqinin Azercell üçün böyük önəm daşıdığını vurğulayıb: “Abonentlərimizin istək və rahatlığını nəzərə alaraq, kontur əsaslı hesablaşmadan manat əsaslı hesablaşmalara keçid etməyi qərara aldıq. Gərgin çalışmalardan sonra bu sistemin tətbiqinə nail olduq. Ümid edirik ki, yeni ödəmə sistemi abonentlərimiz üçün həm rahat, həm də faydalı olacaq”.
Mayın 1-dən etibarən fakturalı və fakturasız xətt abonentlərimiz yeni “Bizimkilər” və “Hər Yerə” tarif paketləri arasında seçim edə biləcəklər. Üstünlüklərdən biri odur ki, fakturalı abonentlər üçün bu tariflərdə abunə haqqı yoxdur.