Bir neçə gün öncə müğənni Röya Ayxanın baş prokuror Zakir Qaralova müraciəti barədə yazmışdıq. Müğənninin mətbuat katibi Ülviyyə Alovlunun "Yeni Müsavat" qəzetinə bildirib ki, müraciət iki həftə öncə Baş Prokurorluğa göndərilsə də onlara heç bir cavab verilməyib. Xatırladaq ki, müğənni mahnılarından və adından icazəsiz istifadəyə görə “Azercell” şirkətindən baş prokuror Z.Qaralova şikayət ərizəsi ünvanlamışdı. Məsələ ilə əlaqədar Baş Prokurorluğa biz də müraciət etdik. Lakin şikayətin araşdırılıb-araşdırılmaması ilə bağlı münasib cavab almadıq. Mətbuat katibi şikayətin Baş Prokurorluq Nəzdində Müraciətlərə Baxılması İdarəsinə hansı tarixdə daxil olduğunu araşdıracağını bildirsə də sonradan onunla əlaqə saxlamaq mümkün olmadı.Ü.Alovlu isə israrla bildirir ki, müğənniyə vurulan ziyan ödənilməyincə onlar hüquqlarının bərpasını tələb edəcəklər.Müğənninin müraciətinə “Azercell Telekom”dan verilən cavabda bildirilir ki, “Azercell”in “Zəngimcell” xidmətini göstərməsi üçün lisenziyası olmadığına görə bu məsələnin şirkətə aidiyyəti yoxdur. Onu da bildirək ki, 2003-cü ildən mobil rabitə bazarında fəaliyyət göstərən, mahnı parçalarının “Zəngimcell”də istifadə olunmasını təşkil edən “Unimark” şirkəti ilə əlaqə saxlayıb müğənninin ittihamına münasibət öyrənərkən şirkətdən bildirildi ki, onlar bu istiqamətdə provayder fəaliyyətini dayandırıblar və indiyədək “Zəngimcell” xidmətinə görə Müəllif Hüquqları Agentliyinə müəyyən qədər vəsait ödəyiblər.