İyulun 8-də Hacıqabul Rayon Məhkəməsində “Azəriqaz” İstehsalat Birliyinin Hacıqabul qaz istismar sahəsinin rəisi Elşən Rəhimovun öz işçisi Yaqut Ağayevaya qarşı iddia ərizəsinə baxılacaq.
Rəis işçisinin CM-in 147.1-ci (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə cəzalandırılmasını tələb edir.
Amma məhkəmədə diqqətçəkən məqam budur ki, Yaqut Ağayeva rəisini ona əxlaqsız təkliflər etməkdə günahlandırıb.
Məsələ ilə bağlı virtualaz.org saytına müraciət edən Yaqut Ağayeva deyib ki, hazırkı rəisi Elşən Rəhimovla uzun müddət birlikdə çalışıb: “Elşən Rəhimov iş yoldaşlarımdan biri vasitəsilə mənə yaxınlıq təklif etdi, amma razılaşmadım. Sonralar hər addımbaşı mənə birlikdə olmaq istədiyini deyirdi. Rəisin bu təklifləri ilə razılaşmadığımdan mənə qarşı təzyiqlərə başladı”.
Elşən Rəhimovun tapşırığı ilə iş yerinin dəyişdirildiyini deyən Y.Ağayeva bundan sonra problemlərlə qarşılaşdığını iddia edir: “İş yerimi dəyişdi, dedi ki, gözümün qabağında olmağını istəyirəm. Məni rayonun ucqar kəndlərinə qaz sayğaclarını yoxlamağa göndərirdilər, hətta axşam saat 9-dək kəndləri gəzməli olurdum. Halbuki qaz sayğaclarının yoxlanılması birbaşa mənim vəzifəmə daxil deyildi.
Bir neçə dəfə müraciət etsəm də rəis onun təklifi ilə razılaşmayacağım təqdirdə belə olacağını deyir, kəndlərə getməyimi, əks halda öz xahişimlə işdən çıxmağımı tələb edirdi”.
İş şəraitindən Hacıqabul Rayon Polis Şöbəsinə şikayət edən qadın bununla da rəisin ona düşmən kəsildiyini dedi: “Mən “Azəriqaz”a da şikayət etdim, amma onlar məsələni araşdırmadan məni vəzifəmi yerinə yetirməməkdə günahlandırdılar. Bundan sonra dövlət başçısına, Prezident Administrasiyasına, ölkənin birinci xanımına şikayətlər ünvanladım. Şikayətlərdən sonra “Azəriqaz” məsələ ilə bağlı təkrar araşdırma aparacağını vəd etdi”.
Hazırda da həmin idarədə çalışan Yaqut Ağayeva dövlət başçısı İlham Əliyev və ARDNŞ-in prezidenti Rövnəq Abdullayevdən kömək istəyir: “Mənim ailəm var, həyat yoldaşım hərbçidir. İndi məni böhtan atmaqda günahlandırırlar. Mənim əlimdə Elşən Rəhimovun, baş mühəndisin səs yazıları var. Mən günahsız olduğumu başqa cür necə sübuta yetirim?”
Virtualaz.org saytı məsələ ilə bağlı Hacıqabul qaz istismar sahəsi ilə əlaqə yaratmağa çalışıb. Lakin qurumdan deyiblər ki, Elşən Rəhimov müvəqqəti olaraq, yəni 3 aylığa Kürdəmir rayonuna işə göndərilib.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə sorğumuza cavabında deyib ki, məhkəmədə Yaqut Ağayevanın hüquqlarını müdafiə edəcək: “Biz qadının şikayəti əsasında araşdırma aparırıq. Amma təəssüf ki, qadınlara edilən əxlaqsız təkliflərin sübuta yetirilməsi hər dəfə çətin olur. Biz qadına hüquqi yardım göstərəcəyik, onun müdafiəsinə çalışacağıq. Bundan əlavə, Rövnəq Abdullayevə müraciət edəcəyəm. İnanıram ki, onlar məsələnin araşdırılmasında yardımçı olacaqlar”.
“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev isə virtualaz.org saytına dedi ki, Elşən Rəhimov şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi tələbi ilə Hacıqabul Rayon Məhkəməsinə, eləcə də Hacıqabul Rayon Prokurorluğuna müraciət edib. Hər iki qurum tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparılır.
Elşən Rəhimovun Kürdəmir rayonuna göndərilməsinə gəldikdə isə A.Ağayev bunun sözügedən məsələ ilə bağlı olmadığını söylədi.
Xatırladaq ki, ölkə mətbuatında Elşən Rəhimovla bağlı bir neçə dəfə məlumatlar verilib. Məsələn, “Yeni Müsavat” qəzetinin 13 yanvar, 2010-cu il tarixli sayında Elşən Rəhimovun Hacıqabul rayonunun icra başçısı ilə yaxınlığından, rəisin hüquq-mühafizə orqanlarında dindirilməsindən bəhs edilib.
Sonda onu da qeyd edək ki, səslənən bu iddialarla bağlı E.Rəhimovun özünün də mövqeyini işıqlandırmağa hazırıq. Virtualaz.org saytı bu mövzunu diqqətdə saxlayacaq.