AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Argentinanın ölkəmizdəki səfirinin müavini Qabriel Alexandro Forquera və “AİTF Baku 2015” turizm sərgisində iştirak etmək üçün Azərbaycana gələn “Branding Latin America Group” şirkətinin rəhbəri Rodolfo Milesi ilə görüşüb.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan və Argentina arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini bildirən A. Aslanov AZƏRTAC ilə Argentinanın TELAM xəbər agentliyini sıx tərəfdaşlıq münasibətləri bağladığını bildirib.“Hər iki media qurumu beynəlxalq informasiya təşkilatlarında bir-birini dəstəkləyir, Azərbaycanda təşkil edilən tədbirlərin mütəmadi iştirakçısı olan TELAM agentliyi Dünya Xəbər agentlikləri Konqresi Şurası tərkibində də AZƏRTAC-la konstruktiv əməkdaşlıq edir”, - deyə o vurğulayıb.Q. Forquera isə hər iki ölkənin aparıcı xəbər agentlikləri arasında sıx tərəfdaşlığın mədəni əlaqələrin inkişafına da müsbət təsir göstərdiyini, gənc müstəqil Azərbaycanın aparıcı xəbər agentliyi olan AZƏRTAC-ın beynəlxalq informasiya məkanında böyük uğurlara imza atmasının təqdirəlayiq olduğunu deyib.Öz növbəsində AİTF 2015 Beynəlxalq Turizm Sərgisində Argentinanın ikinci dəfə iştirak etdiyini deyən R. Milesi bildirib ki, iki ölkənin turizm əlaqələrinin inkişaf etdirilməsi, eyni zamanda, mədəni və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verəcək. Onun sözlərinə görə, 2013-cü illə müqayisədə 2014-cü ildə Argentinaya səfərlər üçün Azərbaycana verilən vizaların sayı iki dəfə artıb. “Argentina bu sərgidə iştirak edən ilk Latın Amerikası ölkəsidir. Burada ölkəmizin musiqisi, mətbəxi və turizm potensialı təqdim olunacaq”, - deyə şirkət rəhbəri vurğulayıb.