Qeyd edək ki, İqdır Universitetinin rektoru İbrahim Hakkı Yımaz ədəbiyyat fakültəsində erməni dili və ədəbiyyatı bölümünü açmağı və bunun üçün də Ermənistandan müəllim gətirməyi düşündüklərini deyib. G.Əhmədova isə "Erməni iddialarını gündəmə daşıyan erməni müəllimləri türk gənclərinə düşmənçilikdən başqa nə verə bilər”,- deyə təşəbbüsə etiraz edib və bu, mətbuatda da əksini tapıb. Deputatın fikrincə, erməni müəllimlərinin İqdır Universitetinə cəlb olunması projesinin arxasında əslində siyasi maraqlar dayanır və buna heç cür yol vermək olmaz: "Erməni müəllimlərin universitetə cəlb olunması orda təhsil alan gənclərin qeyri-düzgün yönləndirilməsinə səbəb ola bilər. Mən də millət vəkili kimi münasibətimi bildirdim. Hələ heç özünə yer tapmayan bir universitetin rəhbərliyinin belə bir bəyanatla çıxış etməsi artıq müəyyən gizli məqamlardan xəbər verir. Bu o deməkdir ki, ermənilər heç bir halda İqdırı nəzərdən qaçırmırlar. Erməni diasporunun İqdırda görə biləcəyi işlər daim onların gündəmindədir. Bu mənada biz də İqdırı unutmamalıyıq. İqdır bizim üçün də strateji cəhətdən çox mühüm bir yer olmalıdır”.
Deyir ki, hazırda Ermənistan adlanan tarixi torpaqlarımızdan deportasiya olunan insanların hüquqlarının bərpası ilə bağlı Avropa Məhkəməsinə ünvanladıqları şikayətlərə cavablar gəlib: "Bizim əlimizdə kifayət qədər faktlar var və hesab edirik ki, müəyyən müddətdən sonra bu insanların müraciətlərinə cavab veriləcək. Ancaq paralel olaraq bizim soydaşlarımızla bağlı vaxtaşırı tədbirlər keçiririk. İlk tədbir Əlican qapısının açılması məsələsi gündəmə çıxanda keçirilmişdi. O zaman Sərkisyan futbola baxmağa gələcəkdi. İqdırda yaşayan insanların da əksəriyyəti 20-ci əsrin əvvəllərində Azərbaycanda tüğyan edən erməni-bolşevik zülmündən qaçıb ora sığınan azərbaycanlılardır. Onlar da bizim tədbirlərə qoşuldular, 6 partiyanın, o cümlədən 35-dək QHT-nin bəyanatları imzalandı. Bu bəyanatlar baş nazir Ərdoğana, cənab prezident İlham Əliyevə və beynəlxalq təşkilatlara göndərildi. Ancaq nə qədər ki, erməni məsələsi var, bu aksiyalar davam edəcək. İqdır Türkiyənin önəmli nöqtələrindən biridir. Onların özlərinin də xahişidir ki, bizi tək qoymayın. Mən təklif edərdim ki, bizim deputatların hamısı İğdırda olsun, o insanlarla görüşsünlər. Bu, ermənilərə qarşı ümummilli mübarizədə çox vacib siyasi məqamlardan biridir”.
Məsələyə rəsmi Bakının da reaksiya verəcəyinə ümid ifadə edib digər mövzulara adlayırıq:
- Gülər xanım, sizin son vaxtlar aktuallaşan hicab məsələsinə münasibətiniz maraqlıdır. Gülər Əhmədovanı nə vaxtsa hicabda görə biləcəyikmi?
- (Gülür) Güman eləmirəm ki, mən nə vaxtsa hicab örtüm. Məncə, məsələnin qoyuluşu doğru deyil və bu, təkcə hicab məsələsi deyil. Fikrimcə, bu, qonşu dövlətlərin bizə qarşı apardığı səssiz müharibədir. Bu gün Azərbaycanın beynəlxalq müstəvidə atdığı addımlar, həyata keçirdiyi iqtisadi layihələr ətrafımızdakı bəzi dövlətlərə xoş gəlmir. Çünki biz regionda söz sahibiyik və bu da həmin dövlətləri narahat edir. Dövlətin içərisində bu gün sosial problemlərlə bağlı insanları iqtidara qarşı qaldırmaq mümkün deyil. Bu da kimlərisə narahat edir. Amma yenə narahatlıq yaratmağa çalışır, bunun üçün də dini meyllərdən istifadə edirlər. Şəxsən mənə gəldikdə, Azərbaycanda heç kəs bu barədə düşünməyəndə Azərbaycanda uşaqlar üçün İslam əxlaqını və fəlsəfəsini öyrədən kitab çap etdirmişdim. Vəziyyəti belə görəndən sonra bir daha o kitabı yenidən işləyib çap etdirəcəyəm. O vaxt mərhum liderimiz Heydər Əliyevin gənclərin forumunda dediyi fikirləri də əsas olaraq götürmüşdüm. Əlbəttə ki, bu gün hicab məsələsinin ortaya atılmasında bizim də günahımız var. Deyirlər müqəddəs yer boş olmur. Bizim ən böyük günahımız ondan ibarətdir ki, sivil qaydada Heydər Əliyevin bizə göstərdiyi və dediyi kimi İslam əxlaqını və fəlsəfəsini lazım səviyyədə tədris eləyə bilmədik. İş o yerə çatdı ki, İslamın bütün fəlsəfəsi və əxlaqı gəlib hicab məsələsinin üstündə cəmləşdi. Sanki İslamda hicabdan başqa heç bir şey yoxdur. Fikrimcə, Azərbaycan dövləti buna çox sərt mövqe qoymalıdır.
Bəri başdan deyirəm ki, çoxları hələ Quranda nə yazıldığını bilməyəndə, İslamın fəlsəfəsindən xəbərsiz olanda mən çox kiçik yaşlarımdan bunun tərbiyəsini almışam. Respublika Uşaq Təşkilatına rəhbərlik etdiyim müddətdə də müxtəlif treninqlərdə İslam əxlaqını, halal-haram və digər məsələləri hər zaman uşaqlara çatdırmışam. Amma mən məktəblərdə hicab bağlanmasının qəti əleyhinəyəm. Heç bir halda bu, Azərbaycanın inkişafı ilə bağlı məsələ deyil.
- Mən də razıyam ki, Azərbaycanı xaricdən təhdid edən, burda qarışıqlıq salmaq istəyən düşmən qüvvələr var. Ancaq bu gün efirimizi düşük şoular, 17-20 yaşlı qızların ərə verilməsindən bəhs edən yarışlar başına götürüb. Hətta Ramiz Mehdiyevin məlum yazısından sonra vəziyyət daha da pisləşdi. Necə olur ki, hicablı qızlar mini ətəklilərdən çox qıcıq doğurur?
- Düzdür, razıyam. Mən bunun da əleyhinə çıxmışam. Hətta Ramiz Mehdiyevin o məşhur yazısı çıxmamışdan iki ay əvvəl mən parlamentdə məsələ qaldırdım, hətta imza da topladım. Daha sonra xalq artistlərindən mənə dəstək gəldi, onlar da imza atdılar. Məncə, bu gün ətalətli qurumlardan biri MTRŞ-dir. Biz bunu dönə-dənə demişik ki, hətta Avropanın ən inkişaf etmiş ölkələrində belə axşam saat 9-a kimi azyaşlı uşaqların yatmaq vaxtı deməkdir. Saat 9-a kimi heç bir öpüş səhnəsi, ya erotik səhnə olan filmlər, hətta klip göstərilmir. Amma bizdə uşaq günorta çağı dərsdən gəlir, televizoru açır, baxırsan ki, elə bir film göstərirlər ki, başdan-ayağa erotikadır. Əlbəttə ki, belə filmləri yayan televiziyalara cəza tətbiq edib onları 1, 3, ya 5 günlük bağlamaq lazımdır ki, səhvlərini başa düşsünlər. Əgər bu telekanallar hələ də ölkədə nə baş verdiyini anlamırlarsa, yalnız pul qazanmaq barədə düşünürlərsə, bunlara sərt münasibət sərgiləmək lazımdır. Mən çox istərdim ki, Nuşirəvan Məhərrəmli belə qərarlar çıxartsın ki, filan saatda erotik səhnələr olduğu üçün filan televiziya 3 günlük qapadılsın.
- Demədiniz ki, hicab niyə bu qədər qıcıq doğurur?
- Əlbəttə, işin bu tərəfi olanda digər tərəfi də olur. Ədəb-ərkanlı insanlar görəndə ki, bu qədər abırsız şeylər baş verir, onlar da özlərinə hər hansı bir liman tapmaq istəyirlər ki, orda abır-həyalarını qorusunlar. O halda da xurafatdan istifadə edən insanların qucağına düşürlər. Siz çox düzgün deyirsiniz ki, səbəblərdən biri də budur. Kifayət qədər ailələr var ki, uşaqlarına bu tərbiyəni vermək istəmirlər. Deyirlər ki, a bala, ondansa, sən gəl, bu biri istiqamətə get. O da xoşa gəlməyən məsələdir. Ona görə də qızıl ortanı tapmaq üçün addımlar atılmalıdır. Mən parlamentdə də məsələ qaldıracağam ki, saat 9-a kimi bu cür verilişlər, kliplər göstərilməsin. Səhər tezdən belə klipləri göstərirlər, o vaxt ki, uşaqlar dərsə getmək üçün dururlar, televizoru açırlar. Mən bir neçə dəfə televiziya rəhbərlərinə demişəm. Deyirlər ki, reklamdır da, camaat buna baxmaq istəyir. Camaat buna baxmaq istəmir e, siz camaatı buna baxmağa öyrədirsiniz.
- Ramiz Mehdiyev ölkədə kifayət qədər söz sahibi olan dövlət məmurlarından biridir. Yəni telekanal rəhbərləri bu qədərmi cəsarət sahibi oldu ki, hətta onun da sözünü eşitmədilər. Bəlkə burda da hansısa rəsmi şəxsin iradəsi rol oynayır.
- Deməzdim ki, kimsə onlara erotika göstərməyi tapşırıb. Məncə, onlar sadəcə, o məqamdan istifadə edirlər ki, nə Ramiz Mehdiyev, nə bir başqa dövlət adamı səhərdən-axşamadək oturub onları güdmür. Bunların monitorinqini aparası bir qurum varsa, o da MTRŞ-dir. Yəqin, onların da texniki imkanları, insan resursları buna çatmır ki, bütün verilişlərə səhərdən-axşamadək baxsınlar. Amma belə problemləri varsa, onlara bir az da artıq ştat vermək olar ki, işlərinin üstündə dursunlar. Əlbəttə ki, nə Ramiz Mehdiyev, nə də hansısa deputat bütün günü telekanallara baxa bilməz. Amma mən sizə qoşularaq deyirəm ki, bu, çox ciddi problemdir və bunu birdəfəlik həll etmək lazımdır. Milli Məclisdə məsələ qaldırmaqla, Prezident Administrasiyası səviyyəsində başa salmaqla alınmırsa, demək bu televiziyalara qarşı birmənalı şəkildə ciddi addımlar atılmalıdır. Çünki bu, artıq gənclərin, azyaşlıların tərbiyəsi ilə bağlı məsələdir. Bu da heç kəsin şəxsi işi deyil. Biz konstitusiyamızı dəyişəndə uşaqlarla bağlı da müddəaya düzəliş etdik. Televiziyaların atdığı addım birbaşa konstitusiyanın pozulmasıdır. Əvvəlki mətndə yazılmışdı ki, hər bir uşağın hüququnu ailəsi qorumağa borcludur, dövlət ümumi nəzarəti həyata keçirir. Dəyişikliklərdən sonra isə artıq hər bir uşağın hüquqlarının müdafiəsinə dövlətin cavabdehliyi əksini tapır. Uşaq Hüquqları Haqqında Beynəlxalq Konvensiyaya da qoşulmuşuq. Orda da erotik və zorakılıq səhnələri ilə bağlı konkret məqamlar əksini tapıb. Bu, nəinki televiziya, hətta internet məkanına da aid edilir. O baxımdan hesab edirəm ki, işin dərininə getsə, cənab Nuşirəvan Məhərrəmli televiziyaları məhkəməyə də verə bilər. Deyə bilərsiniz ki, uşaq təşkilatının rəhbəri kimi mənim də boynuma iş düşür. Yəqin ki, mən də belə bir addım atmağa hazırlaşmalıyam.
- Siz hansı telekanallara baxırsınız?
- Hamısına baxıram. Təbii ki, başdan-ayağa yox. Sadəcə baxıram ki, görüm bunlar nə göstərir. Mən sonsuz yemək verilişlərini başa düşmürəm. Nə qədər yemək verilişi olar? Verilişlər var bütün günü oturub müzakirə edirlər ki, filan müğənni nə geyindi, niyə soyundu. Amma hesab edirəm ki, xəbərlərin təqdimatı "Xəzər”də, ANS-də yaxşı gedir. Birinci Az.TV-yə baxıram. Az.TV-nin ən yüksək tərəfi odur ki, orda xəbəri heç bir tərəfə əymirlər, necə var, o cür də verirlər.
- Bəlkə elə telekanalların ifrat şou aləminə yuvarlanmasında hakimiyyətin də günahı var. Əgər efirdən müxalif fikrin səslənməsinə qoyulan qadağa götürülsə, o zaman telekanallar da baxımlı olması üçün fərqli düşərgə nümayəndələrinə polemika imkanları yaradar. Təbii ki, efiri evlənmək verilişləri, yaxud yeməkbişirmə yarışları ilə doldururlar. Məsələn, siz sonuncu dəfə Azərbaycan müxalifətinin təmsilçisini telekanallarda nə vaxt görübsünüz?
- Ayın tarixi ilə deyə bilməyəcəyəm. O yadımdadır ki, seçki vaxtı 4 dəqiqəlik efirdə görmüşəm (Gülür). Amma mən də çox istərdim ki, olsun, gəlib fikirlərini söyləsinlər. Bir dəfə müxalifət nümayəndələri ilə dəyirmi masada iştirak etmək bəxtimə düşmüşdü. Elə oldu ki, hətta durub ordan getmək istədim. Təəssüf ki, bizim müxalifətdə olan siyasətçilərin əksəriyyəti bəzən öz arqumentlərini gücləndirməkdən ötrü ya təhqir dolu, ya da insanı aşağılayan fikirlərdən istifadə etməyə çalışırlar. İkinci bir məsələni deyim ki, Azərbaycanda KİV-ə yaradılmış mühit dünyanın heç yerində yoxdur. ABŞ-da hər hansı bir qəzet bizim qəzetlərdə yazılan yazıların heç on faizini yaza bilməz, həmin dəqiqə onu qapadarlar, inanın mənə. Avropada bu, mümkün deyil.
- Ortada "Wikileaks” nümunəsi var.
- "Wikileaks” fenomenal bir şeydir, zəlzələ kimi məsələdir.
- Bəs, Türkiyə telekanalları nümunəsi? İqtidarın mövqeyinin ardınca müxalifətə yer ayrılır.
- O da bir ayrı mövzudur. Bizdə belə vəziyyətin olmamasının səbəblərindən biri də ondan ibarətdir ki, bu gün bizim televiziya məkanımızda kifayət qədər özünün siyasi savadı olan, Azərbaycan siyasətinin anatomiyasını dərindən bilən bir aparıcı demək olar ki, yoxdur. Yəni çıxıb bir artistlə danışmaq elə də çətin deyil. Ancaq bəzən heç artistlərlə söhbəti də əxlaq qaydalarına uyğun gəlmir. Bu gün Azərbaycan teleməkanının ən böyük problemi siyasi cəhətdən yetkin, ölkə siyasətinin anatomiyasını, tarixini bilən aparıcıların sıfır dərəcədə olmasıdır. Türkiyə televiziyasında aparıcı oturur və siyasətçiyə deyir ki, yadınıza gəlir, siz 2002-ci ildə bu cür söyləmişdiniz. Bizdə belə aparıcı varmı ki, desin Gülər Əhmədova, siz 2002-ci ildə belə demişdiniz. Bunlar nə qəzet oxuyurlar, nə də siyasi hadisələrdən xəbərləri var.
- Yəni deyirsiniz hakimiyyət müxalifətə efir qadağası qoymayıb?
- Qəti şəkildə yox.
mənbə: YENİ MÜSAVAT