ATV-nin şoumen əməkdaşı sanki “Eurovisionu” işıqlandırmaq üçün deyil, AZTV-nin sujetlərini “vurmaq” üçün İsveçdə səfərdədir.
Bəlli olduğu kimi, bu gün İsveçin Malmö şəhərində “Eurovision-2013″-ün final mərhələsi keçirilir. Bu möhtəşəm musiqi yarışmasını işıqlandırmaq üçün yarışmanın favoritlərindən sayılan Azərbaycandan da bir qrup jurnalist İsveçdə səfərdədir. Azərbaycanlı jurnalistlərin arasında diqqəti ən çox “Azercell”in sponsorluğu ilə Malmöya səfər edən ATV-nin təmsilçisi İlkin Həsəni cəlb edir. Şoumen aparıcının Malmödan “Facebook” statusunda etdiyi paylaşımlara diqqət yetirsək görərik ki, sanki İ.Həsənini ora “Eurovision”u işıqlandırmağa deyil, Azərbaycan Dövlət Televiziyasının(AZTV) sujetlərini təkzib edib “vurmağ”a və umumiyyətlə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa göndəriblər.
Məsələn, İlkin Həsəni paylaşımlarının birində guya öz məntiqi ilə Aztv-nin hazırladığı sujetdə İsveçdə internetin durumu ilə bağlı dediklərini təkzib edərək, internetin sürətinin yüksək olduğunu əks etdirən foto paylaşıb.
Digər bir paylaşımında o“acından ölen İsveç PPX-si © AzTV #malmö #sweden”başlığı ilə İsveç polisinin görüntüsünü yayıb və bununla öz məntiqi ilə AZTV-nin informasiya siyasətinə “sataşaraq”, “Facebook”dakı dostları arasında özü haqqında qəhrəman obrazı yaratmağa çalışıb.
Növbəti bir paylaşımında şoumen aparıcı tənbəllik etməyərək, “Eurovision”u işıqlandırmaq vəzifəsini bir kənara qoyub, Azərbaycandakı yol mədəniyyətini müzakirəyə çıxarıb. O, Malmönun küçələrində hazırladığı videosunda azərbaycanlı sürücülərin davranışlarını bütövlükdə kobud təsvir etməklə, onlardan mədəniyyətsiz obrazı yaratmağa çalışır. Halbuki, İlkin Həsənini tanıyanlar onun Bakıda aparıcılıq hesabına əldə etdiyi bahalı avtomobilini necə idarə etdiyini və qaydalara hansı formada riayət etdiyini yaxşı bilirlər.
“Facebook” istifadəçiləri ona tez-tez niyə dövlət televiziyası olan AZTV-nin informasiya siyasətini “vurduğu”nu soruşduqda isə, o böyük fəxrlə “baxır, hansı kanal” kimi qeyri-müəyyən və təəccüblü cavablar verir. Onun məntiqi ilə, sanki ATV İlkini Malmöya “Eurovision”u işıqlandırmağa deyil, öz ölkəsini təftiş etməyə, Azərbaycan haqqında mənfi rəyləri təbliğ etməyə göndərib… /// editor.az