AZXEBER.COM informasiya portalının təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov “Gənclərin sosial şəbəkəsi - Yeni media layihələrində” adlı layihənin iştirakçılarına təlim keçib. Təlim “Medianın inkişafında sosial şəbəkələrin rolu” mövzusunda olub.
Hacıbəy Heydərli qeyd edib ki, sosial şəbəkələr artıq xəbər mənbəyi rolunu da oynayır: “Artıq bütün dünyada sosial şəbəkələr xəbər mənbəyi rolunu oynayır. Jurnalistlər ictimai-siyasi xadimlərin, incəsənət adamlarının statuslarından xəbər hazırlayırlar. Hətta Almaniya, ABŞ, Türkiyə televiziyalarında bununla bağlı verilişlər hazırlanır və məşhurların həftəlik “facebook” “tvitter” fəaliyyətləri barədə insanlara məlumat verilir.
Təsisçi həmçinin deyib ki, sosial şəbəkələrin sayəsində xəbəri jurnalistdən tez, oxucudan alırlar: Ölkədə fövqəladə nə hadisə baş verirsə, bunu bizə ilk olaraq oxucularımız sosial şəbəkələr vasitəsilə çatdırır, hadisə yerindən fotolar, videolar çəkib göndərirlər. Bu da vətəndaş jurnalistikasının inkişafından xəbər verir”.
Əfsələddin Ağalarov da öz növbəsində mediaya marağı olan gənclərə sosial şəbəkələrdən aktiv iştirak etməyi məsləhət görüb. AZXEBER.COM portalının yaranması və inkişafından danışan təsisçi deyib ki, hazırda “facebook” sosial şəbəkəsində ən çox üzvü olan xəbər portalı məhz “azxeber.com”dur.
Görüş layihə iştirakçılarının sualları ilə davam edib.Qeyd edək ki, 50 nəfər aktiv gənci bir araya gətirən və 5 gün müddətində davam edəcək layihədə yeni media, sosial şəbəkələr, bloqlar, şəbəkələşmə, liderlik keyfiyyərləri, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimlər layihənin əsas predmeti olacaq. Təlimlər əsasən media sahəsində çalışan təcrübəli ekspertlər tərəfindən aparılacaq.Layihənin keçirilməsində əsas məqsəd fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, onların internet jurnalistikaya olan marağını yüksəltmək, gənclərin yeni media vasitələrindən effektiv istifadə etməsi üçün mütəxəssislərin təcrübələrini onlara ötürməkdir. Həmçinin, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarətdir.Layihə öz işinə 21 iyun tarixində yekun vuracaq.Qeyd edək ki, layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.











