Cinayətdə adı zərərçəkmiş kimi keçən azyaşlı qız və anası təqsirləndirilən şəxsi bağışladıqlarını açıqladılar Dünən Şəki Apelyasiya Məhkəməsinin Cinayət İşləri üzrə Kollegiyasında azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan F. A.-nın apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. İttihama görə, F. A. aşkar surətdə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayətini törədib. Belə ki, 1993-cü ildə anadan olan və yetkinlik yaşına çatan F. A. 2012-ci il aprel ayının əvvəllərindən başlayaraq, Balakən rayonunun Katex kənd sakini, 15 yaşlı A. İ.-nın 16 yaşına çatmadığını aşkar surətdə bildiyi halda, onunla cinsi əlaqədə olmağı təklif edib. A. İ. də onun təklifinə müsbət cavab verib. Azyaşlı qızın razılığını alan yeniyetmə A. İ.-nin yaşadığı evdə onunla mütəmadi cinsi əlaqədə olub. Bununla da F. A. Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham edilib. Balakən rayon Məhkəməsinin hökmü ilə F. A. 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən F. A. narazı qalıb və apelyasiya şikayəti verib. O, hökmün dəyişdirilməsi və onun məntəqə tipli cəzaçəkmə müəssisələrinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə tərəflər çıxış edib. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs F. A. apelyasiya şikayətini müdafiə edib. Təqsirləndirilən şəxsin vəkili Dəyanət Mustafayev də apelyasiya şikayətini müdafiə etdyini açıqlayıb. Dövlət ittihamçısı Vidadi Cabbarov apelyasiya şikayətinə etiraz edib. O, şikayətinin təmin edilməməsini, Balakən rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar çıxarılmasını xahiş edib. Daha sonra məhkəmədə çıxış edən zərərçəkən A. İ. və onun qanuni nümayəndəsi və anası A. O. apelyasiya şikayətinə etiraz etməyiblər. Bütün tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib və Balakən rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Teleqraf.com