“Azyaşlıları dilənçiliyə məcbur etməyə görə cəza təyin edilsin!”

“Azyaşlıları dilənçiliyə məcbur etməyə görə cəza təyin edilsin!”
Bütün Xəbərlər
13:24 03.04.2015
2563

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumat”ı diqqətlə oxudum. Bu məlumat həmişəki kimi əhatəli və məzmunludur. Göründüyü kimi insan alverinə qarşı mübarizə Azərbaycanda kompleks şəkildə aparılır və bir neçə istiqaməti özündə əks etdirir. Xüsusi məmnunluqla qeyd etmək istərdim ki, “Məcburi əməyə, o cümlədən uşaq əməyinin istismarına qarşı tədbirlər” bölməsində ilk dəfə olaraq polis orqanları tərəfindən keçirilmiş reydlərdən, küçə həyatına məruz qalan, dilənçilik edən, qeyri-qanuni qulluğa cəlb edilən 502 azyaşlıdan söhbət gedir”.

AZXEBER.COM saytı xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Elmira Axdunova insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun çıxışına münasibət bildirərkən deyib.Millət vəkili qeyd edib ki, hələ keçən il də “İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun hesabatında” məhz bu məsələləri diqqətə çatdırmışdı.“Razılıq hissi ilə qeyd etməliyəm ki, biz bakılılar son ildə polis orqanlarının dilənçilik və dilənçilərlə mübarizəni gücləndirilməsinin əyani şahidi olmuşuq. Hal-hazırda Bakı küçələri, trasları bu bəladan əhəmiyyətli dərəcədə azad olub. O cümlədən hesabatda da qeyd olunduğu kimi məktəblilər arasında xeyli sayda neqativ hallar aşkar edilib və qarşısı bu və ya digər vasitələrlə alınıb. Bununla belə bir neçə təkliflə çıxış etmək istərdim. Ümidvaram ki, bu da ümumi məqsədə xidmət edəcəkdir”.Elmira Axundova öncə təklif edib ki, Cinayət Məcəlləsində azyaşlıları, yetkinlik yaşına çatmayanları dilənçiliyə məcbur etməyə görə cəza təyin edilsin. Əgər belə maddə varsa cəza sərtləşdirilsin.“Çünki hal-hazırda polis orqanları dilənçiləri ancaq cərimə edir. Bu da o qədər təsirli vasitə deyil.Bildiyimiz kimi respublika ərazisində internetin yayılması ilə əlaqədar xeyli saytlar fəaliyyət göstərir ki, porno və seks xidməti təklif edir, yeniyetmələrin mənəviyyatını korlayır, həmçinin muzdluları döyüş və isti bölgələrə göndərmək üçün müxtəlif ölkələrdə, həm Rusiya, həm İngiltərədə firmalar internetdə açıq-aşkar fəaliyyət göstərir. Ona görə təklif edərdim ki, qanunlarımıza belə saytların respublika ərazisində yayımını qadağan edən əlavə və dəyişikliklər edək, qardaş Türkiyədə olduğu kimi bu cür saytların yayımının qarşısını alaq”.Elmira Axundova onu da diqqətə çatdırıb ki, demək olar hər gün xüsusilə qadınların məişət zorakılığına məruz qalması xəbərlərini eşidirik. Ona görə insan alverinə və belə neqativ hallara qarşı mübarizədə əsas ağırlıq, əsas iş profilaktik və maarifləndirmə tədbirlərinin üzərinə düşür.“Bilirəm ki, polis orqanları QHT-lər ilə birgə bir sıra şəhər və rayonlarda ali və orta ixtisas təhsil müəssisələrində müvafiq profilaktik tədbirlər keçirməkdədir. Amma hesab edirəm ki, bu işi daha da genişləndirmək və bütün tam orta və natamam orta məktəbləri əhatə etmək lazımdır. Çünki məhz yeniyetmələrlə işi gücləndirmək və onları bu cür neqativ hallardan çəkindirmək vacibdir. İstərdim ki, hər bir kanal AzTV kimi bu mövzulara geniş yer ayırsın və polis işçiləri bu cür mövzularda çıxışlar etsinlər.

Digər məsələ də əyani vəsaitlərin çatışmazlığıdır. Söhbət küçələrdəki, prospektlərdəki bannerlər üzərində müvafiq sosial reklamların, ya da yerli telekanallarda sosial roliklərin azlığından gedir. Halbuki belə bannerlər, sosial roliklər çox böyük psixoloji təsirə malikdir. Mən istərdim ki, bugün müzakirə etdiyimiz “Reklam haqqında” qanun qəbul edildikdən sonra DİN belə sosial roliklərin hazırlanmasında və televiziya kanallarında yerləşdirilməsində öncül olsun. Necə ki, dövlət yol polisi mütəmadi olaraq kanallarda yol qaydalarının pozulmasına və onun acı nəticələrinə dair sosial roliklər verir.

Hesab edirəm ki, bu cür neqativ hallara qarşı bütün cəmiyyətimiz, yəni ictimai xadimlər, hüquq mühafizə orqanları, KİV-lər birlikdə ciddi mübarizə aparsa, bu bəladan qismən də olsa qurtula bilərik”.Sonda millət vəkili milli koordinatorun hesabatını məqbul hesab edərək, onun lehinə səs verəcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR