Baş redaktorlar BDU Jurnalistika fakültəsində

Baş redaktorlar BDU Jurnalistika fakültəsində
GƏNCLİK
13:14 23.02.2011
2329

Tədbirdə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, KİVDF-in rəhbəri Vüqar Səfərli və bir sıra KİV təmsilçiləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd tələbələrin universiteti bitirdikdən sonra üzləşə biləcəyi çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi olub. Tədbiri giriş sözü BDU-nun jurnalistika fakultəsinin dekanı Yalçın Əlizadə açıb. O, fakultənin yaranmasından, keçdiyi inkişaf yolundan danışıb. Y. Əlizadə qeyd  edib ki, fakultədə problemlər də az deyil: “Tələbələr diplom aldıqdan sonra iş tapmaq, peşəkarlığını artırmaq kimi bir sıra məsələlərdə müxtəlif çətinliklərlə qarşılaşırlar. Belə olduqda isə universitetdə yetişdirilmiş kadrlar heç bir fəaliyyət göstərə bilmirlər. Sevindirici haldır ki, tələbələrə universitet illərindən praktik qabiliyyətlərə yiyələnmək kimi bir fürsət verilib”. Həmçinin Yalçın Əlizadə qeyd edib ki, Jurnalistika fakultəsində tarixən demokratik ab-hava olub və tələbələri yaranmış vəziyyətdən istifadə etməyə çağırıb.

Daha sonra KİVDF-in rəhbəri Vüqar Səfərli çıxış edib. O, rəhbəri olduğu fond haqqında məlumat verib. Həmçinin Səfərli qeyd edib ki, “Bu görüşün əsas məqsədi gənc jurnalistlərin peşəkarlığının artırılmasına və universiteti bitirdikdən sonra iş tapmalarına kömək olmaqdır. Bu məqsədlə də biz, universitetin təyin etdiyi tələbələrin siyahısını qəzet redaksiyalarına təhvil verəcəyik və daha sonra redaksiyalarda bu gənclər üçün hər cür şərait yaradılacaq. Təcrübə müddətində özünü doğruldan tələbələr isə işlə təmin ediləcəklər. Amma hər halda nəzərə almaq lazımdır ki, tələbələrin təhsil müddətində yaxşı yetişdirilməsi də bu məsələdə çox önəmli rol oynayır. Yəni, təcrübə müddətində kadr yetişdirilmir, yetişmiş kadrların istedadlarını nümayiş etdirmələri üçün şərait yaradılır”.

Daha sonra çıxış edən Əflatun Amaşov da tədbirin mahiyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, bu görüş jurnalistlərin inkişaf etməsində önəmli rol oynayacaq: “Bu layihəni yüksək qiymətləndirirəm. Ən azından tələbələr iş qazanmaq şansı əldə edəcəklər. Ona görə də bu cür dəstək almaq və belə görüşlərin sayını artırmaqda fayda var”.

Ardınca baş redaktorlara söz verilib. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qeyd edib ki, “Bu görüş tələbələr üçün bir fürsətdir. Sizin gələcək iş yerlərinizin rəhbərləri auditoriyanıza gəliblər. Biz də maraqlıyıq ki, mətbuata yeni və gənc nəsil gəlsin. Siz gəlməsəniz, bizim də gələcəyimiz olmaz. İndi əslində ənənəvi media ilə yanaşı, yeni medianın, internet mediasının dövrüdür. Bu, sizlərə daha geniş imkanlar, daha böyük meydanlar yaradır. Hər birinizə qapılarımız açıqdır. Sizə uğurlar arzu edirəm”.

525-ci qəzetin baş redaktoru Rəşad Məcid də öz növbəsində tələbələrə uğurlar arzulayıb və qeyd edib ki, rəhbəri olduğu qəzet hər zaman gənc jurnalistlərə yer verir.

Sonra isə söz tələbə-jurnalistlərə verilib. “Gənc Reportyorlar” klubunun sədri Məmməd Ağayev tələbələrə belə bir şərait yaratdığına görə fakültə rəhbərliyinə minnətdarlığını bildirib. AZXEBER.COM portalının redaktoru Əfsələddin Ağalarov isə rəhbəri olduğu portal haqda məlumat verib və qeyd edib ki, AzXeber.com portalı gənc jurnalistlərin tribunasına çevrilib. Tələbə-jurnalist Aysel Fərziyeva da öz növbəsində gənclərə dəstək verdiyinə görə Rəşad Məcidə minnətdarlığını bildirib.

/// Hacıbəy Heydərli

OXŞAR XƏBƏRLƏR