Bağçada zəhərlənməyə görə cinayət işi açıldı

Bağçada zəhərlənməyə görə cinayət işi açıldı
Bütün Xəbərlər
15:12 14.12.2012
755

Bakı Şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi uşaq bağçasında baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı birgə məlumat yayıb. APA-ya daxil olan məlumatda bildirilir ki, dekabrın 13-də saat 18:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən 138 saylı uşaq bağçasında qida məhsulundan kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Müəyyən edilib ki, qeyd edilən tarixdə nahardan sonra orada tərbiyə alan 230 uşaqdan 13-ün səhhəti pisləşdiyindən onlar Səhiyyə Nazirliyi 2 saylı Uşaq və 7 saylı şəhər xəstəxanalarına «qida zəhərlənməsi» diaqnozu ilə yerləşdiriliblər. Hər iki xəstəxanada uşaqlar müvafiq tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Hadisədən dərhal sonra rayon hüquq mühafizə orqanlarının əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə hadisə yerində olub, uşaqların qəbul etdiyi qida məhsullarından təhqiqat üçün nümunələr götürülüb.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar edilib.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR