Cəlilabad rayonunda 28 yaşlı qadın qida zəhərlənməsindən dünyasını dəyişib. Bu barədə Cəlilabad rayon sakinləri anspress-ə məlumat veriblər. Verilən məlumata görə, hadisə rayonun Kovuzbulaq kəndində qeydə alınıb.
May ayının 29-da axşam saatlarında rayon sakini, 1987-ci il təvəllüdlü Aygün Rafiq qızı Mirzəyeva zəhərlənərək xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Dünyasını dəyişən Aygün xanımın qardaşı Asim Mirzəyev anspress-ə bildirib ki, bacısını qəsdən zəhərləyiblər. Onun sözlərinə görə, bacısı ilə qaynanası yola getmirlərmiş.
"Bacımı qaynanası və həyat yoldaşı, 1989-cu il təvəllüdlü İslam Şahgəldi oğlu Əhmədov incidirdilər. Bacımın 3 balası var. Ərilə əvvəllər yaxşı dolanırdılar. Sonra qaynanası bacımı incitməyə başladı. Bir neçə dəfə bacım evə qayıtmaq istəyib. Amma biz başa salmışıq ki, ailəni dağıtmaq olmaz", - deyə Asim Mirzəyev bildirib.
Asim Mirzəyevin sözlərinə görə, bacısı qaçdığı üçün ər evində hörmətsiz olub və həmişə qaynanası ona tənə edirmiş: "İslam 8 il bundan əvvəl bacımı qaçırıb. İslamın anası ona başqa qız almaq istəyirmiş. Bu səbəbdən bacımı sevməyib. Həmişə dalaşırmışlar. Bacımı incidirdilər. Mayın 29-da İslam atama zəng vurdu ki, gəl, səninlə işimiz var. Atam həmin günü getdi. Bacım qaytarırdı. Halı pis idi. Həmin gün onu evə gətirmək istəsə də, uşaqları qoymadılar. Gecə bizə xəbər verdilər ki, Aygün ölüb. Onun meyidini evimizə gətirdik. Burada dəfn etdik. Ər evindən heç kim onun yasına gəlmədi. Onun meyidini tibbi ekspertizyaya vermişik. İslam və ərinin qohumları istəyirlər ki, məsələni gizlətsinzlər. Çünki bacımı bilə-bilə zəhərləyiblər. İslam bacımı qaçırdı və onun başına bu oyunu gətirdi", - deyə Asim Mirzəyev bildirib.
Məsələ ilə əlaqədar dünyasını dəyişən Aygün Mirzəyevin qaynatası ilə əlaqə saxladıq. Şahgəldi Əhmədovun anspress-ə verdiyi məlumata görə, gəlini həqiqətən də zəhərlənmə səbəbindən ölüb. Lakin qaynata gəlininin bilərəkdən öldürülməsi iddiasını əsassız sayır.
"Mənim belim qırılıb. Ən çox sevdiyim gəlinim ölüb. Hər kəs ağzına gələni danışmamalıdır. Dövlət var, qanun var, ədalət var. Gəlinim qaynanası ilə yaxşı yola gedirdi. Deyilənlərin hamısı yalandır. Tibbi ekspertiza da təyin olunub. İnşallah, nəticələri məlum olandan sonra ölümün dəqiq səbəbi bilinəcək", - deyə Şahgəldi Əhmədov bildirib.
Onun sözlərinə görə, oğlunun hər iki ayağı sındığı üçün gəzə bilmir. Hazırda müalicə alır.
Hadisə ilə əlaqədar Cəlilabad Rayon Prokurorluğundan bildirdilər ki, ilkin ehtimala görə, Aygün Mirzəyeva zəhərlənmə səbəbindən dünyasını dəyişib. Hazırda faktla əlaqədar tibbi ekspertiza təyin olunub. Analizlərin cavabından sonra onun ölümünün əsil səbəbləri məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.