“Diplomatiyada da bir müdriklik, bir təmkinlik nümayiş etdirmək lazımdır ki, bu gün Türkiyə dövləti həmin mövqeyi ifadə edir”.
Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəriBahar Muradovanın “Olaylar”a müsahibəsi. - Bahar xanım, Türkiyə mətbuatı Fransa Senatının məlum qərarının qarşısının alınması istiqamətində apardığı mübarizədə Azərbaycanı yetərincə bu ölkəyə dəstək verməməkdə suçlayır. Əslində Azərbaycanın bu məsələdə mövqeyi nədən ibarətdir? - Çox təəssüf ki, Fransa Senatı tərəfindən "erməni soyqırımı"nı inkar edənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı qəbul etdiyi qanunla əlaqədar Azərbaycanın atdığı addımların Türkiyə mediasında əks olunması hansısa maneələrlə rastlaşır. Bu bir faktdır və fakt olaraq qalır. Bu fakt bizi də narazı salır. Amma düşünürəm ki, bu faktın mövcudluğu Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsinə heç də xələl gətirə bilməyəcək. Çünki zaman-zaman belə hallar olub. Üç il bundan əvvəl protokollar məsələsində də belə hallar yaşanmışdı. Bu müddət ərzində anlaşılmazlıq baxımından buna bənzər yazılar Türkiyə mətbuatında özünə yer almışdı. Amma bütün bunlara baxmayaraq Azərbaycan və Türkiyə rəsmi dairələri, o cümlədən yüksək rəhbərlik və xalq səviyyəsində birlik ortaya qoyulmuşdu. İndi də bu birliyi istəməyən, gözü götürməyən qüvvələrin cəhdləri, bunun hər vəchlə ictimaiyyətə çatdırılmasının qarşısını almağa çalışan “qara əllər”in fəaliyyəti öz səmərəsini verməyəcək. Mən o cür qiymətləndirmələrin qəti əleyhinəyəm ki, Azərbaycan məsələyə yüksək səviyyədə mövqe bildirməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin, parlamentin, Azərbaycan prezidentinin və ictimaiyyətinin mövqeyi bütövlükdə Azərbaycan dövlətinin və xalqının mövqeyidir. Bunu kimsə şübhə altına ala bilməz. Əgər kimsə şübhə altına alırsa, deməli, bunu görmək istəmir. Əgər Türkiyə mətbuatında bizi istəməyən tərəfindən, eləcə də Türkiyə-Azərbaycan iş birliyini istəməyən dairələr tərəfindən bu məsələ gündəmə gətirilirsə, çox istərdim ki, Azərbaycanın media nümayəndələri bunun nədən qaynaqlandığını araşdırsınlar. Amma bu fikrin ardınca düşüb də media orqanlarında təkrarlamağa, Azərbaycanın yeritdiyi siyasəti şübhə altına ala biləcək şübhələrə rəvac verəcək fikirlər səsləndirməsinlər. Azərbaycan prezidenti bütün səviyyələrdə bu məsələyə münasibət bildirib və fikrini ifadə edib. Bu yaxınlarda Türkiyə parlamentinin nümayəndə heyəti Azərbaycana gəlmişdi. Onların keçirdikləri bütün səviyyəli görüşlərdə Azərbaycanın atdığı addımlar diqqətə çatdırıldı. Onlar həm burada, həm də Türkiyəyə qayıtdıqdan sonra Azərbaycan dövlətinin, xüsusən Azərbaycan prezidentinin atdığı addımları ictimaiyyətin diqqətinə bir daha çatdırıblar. Ona görə mən bilmirəm ki, bəzi dairələri narazı salan məqamlar nədən ibarətdir. Amma onu bilirəm ki, bu iş, mövqe birliyi, birgə fəaliyyət bəzi dairələri qane etmir, bunu açıq şəkildə söyləmək lazımdır. - Türkiyənin xarici işlər naziri bildirib ki, ya Türkiyə Minsk Qrupunun həmsədri olmalı, ya da Fransa həmsədrlik postundan uzaqlaşdırılmalıdır. Sizcə, belə bir addımın atılması mümkündürmü? - Hələ Türkiyənin xarici işlər naziri bu məsələ ilə bağlı bəyanat verməmişdən əvvəl də Azərbaycanda belə fikirlər səslənirdi ki, Fransa Senatında məlum qanunun qəbulu ilə bu ölkənin ATƏT-in Minsk Qrupundakı fəaliyyəti heçə enib. Hesab edirəm ki, bu fikirlər kifayət qədər məntiqli dəyərləndirmələrdir. Nəzərə alsaq ki, Azərbaycan son illər ATƏT-in fəaliyyətinə bütövlükdə narazılığını ifadə edib və bu istiqamətdə fikirlərini açıq şəkildə bildirib. Minsk Qrupunun digər üzvləri də, Minsk konfransının keçirilməsini gözləyən dövlətlər də bununla bağlı açıq fikirlər səsləndirə bilər. Mən bu fikirlərin səsləndirilməsini ilk növbədə bu addımı atan Fransa prezidentinə və bu addımla da onun qərəzli və bitərəf mövqeyinə xələl gələcəyini nəzərə almadan atmasına etiraz kimi qəbul edirəm. Düşünürəm ki, Türkiyə öz mövqeyini açıqlamaqda və onun ardınca getməkdə sərbəstdir. O ki qaldı bu nə dərəcədə mümkündür, proses hansı qaydada həyata keçiriləcək, bu məsələ ATƏT-in nizamnaməsi və müvafiq sənədləri ilə tənzimlənir. Vaxtilə İtaliyanın da belə bir fikri ortada idi ki, onlar da Minsk konfransının keçirilməsini tələb edir və hesab edirlər ki, İtaliya da Minsk Qrupunun üzvü kimi bu prosesdə öz sözünü deməlidir. Türkiyənin ardınca Minsk Qrupuna daxil olan dövlətlər də mövqeyini ortaya qoysaydı, çox yaxşı olardı. Bu özlüyündə həmin dövlətlərə Minsk Qrupu çərçivəsində daha geniş və daha çevik fəaliyyət göstərmək üçün bir çağırış kimi qəbul olunmalıdır. Bununla da həmsədr dövlətləri kifayət qədər məsuliyyətli olmağa çağırmaq mümkün olardı. Ona görə də bu fikirlərin səslənməsi heç də Azərbaycanda qəribə qəbul olunmur, amma onun həyata keçirilməsi proseduru bir başqa məsələdir. - Hesab etmirsiniz ki, Minsk Qrupunun fəaliyyəti tükənib, Fransanın bu qurumun tərkibində fəaliyyətinə heç bir ehtiyac yoxdur? - Paradoks elə Fransanın özünün atdığı addımdadır. Bildiyiniz kimi, biz hər zaman Minsk Qrupunun fəaliyyətinin konkret nəticələrinə dair öz mövqeyimizi ifadə etmişik. Amma bununla yanaşı, hələlik sülh imkanlarının qaldığını və Minsk Qrupunun konstruktiv fəaliyyət göstərərək Ermənistana təsir göstərmək imkanından yararlanacağı təqdirdə bu məsələnin ədalətli həll olunmasına ümidimizin olduğunu da bəyan etmişik. Minsk Qrupunda fəaliyyətimizin davam etdirilməsi məhz bu amillə bağlıdır. Hesab edirəm ki, növbəti dəfə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə, o cümlədən Minsk Qrupunun həmsədri olan Fransanın fəaliyyətinə öz mövqeyimizi bildirməliyik. Onları daha ədalətli, daha qərəzsiz olmağa çağırmalıyıq. Bu o demək deyil ki, biz konkret Fransa Senatının qərarı ilə bağlı mövqeyimizi sərgiləyiriksə, onu bu addımı atmaqdan çəkindirməyə çağırırıqsa, bu ATƏT-in Minsk Qrupunun fəaliyyətinin sona yetdiyini söyləmək kimi qəbul olunmalıdır. Mənim bu fikirlərim bəziləri tərəfindən süngü ilə qarşılana bilər, amma ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq bu prosesdə iştirak etdiyimə görə, hesab edirəm ki, Fransa özünün bitərəf mövqeyini ortaya qoyması üçün bütün imkanlarını tükəndirməyib. Bununla əlaqədar öz mövqeyini ortaya qoya bilər və biz yeni format axtarışına çıxmaqla bu məsələni daha uzun müddətə arxa plana keçirməyə rəvac verə bilərik. Ən əsası bu gün gündəmdə olan məsələ bütün səyləri birləşdirməklə Fransa Senatında bu sənədin tam təsdiqinin qarşısını almaqdır. Fikir verirsinizsə, elə Türkiyənin özü də son vaxtlar öz fəaliyyətində yumşaqlıq nümayiş etdirir və Türkiyə rəsmilərinin çıxışlarında kəskin notlar müşahidə olunmur. Düşünürəm ki, bu düzgün siyasətidir. Çünki diplomatiya, xalqlar arasındakı dostluq, xüsusilə parlament diplomatiyası ona yönəlməlidir ki, belə problemləri aradan qaldıraq. Məlumdur ki, bu imkanları bir tərəfə qoyularaq onu dərinləşdirmək istiqamətində göstərilən səylər yalnız düşmənçiliyə xidmət edəcək. Bir ölkənin bir parlament üzvünün siyasi maraqlar baxımından mövqeyini ifadə etməsi bütövlükdə Fransa xalqının və Fransa dövlətinin mövqeyi kimi qəbul edilməməlidir. Türkiyə rəsmiləri açıqlamalarında bəyan ediblər ki, məsələyə mərhələ-mərhələ münasibət bildirəcəklər. Bu özlüyündə çox doğru bir seçimdir. Azərbaycan da məsələlərə belə siyasətin sərgilənməsinin tərəfdarıdır. Əgər hansısa imkan varsa, bunun qarşısı alınsın, ondan istifadə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, 127 senatorun içərisində nə qədər Azərbaycana və Türkiyəyə dost olan insanlar var. Azərbaycanın da səyləri ona yönəlib ki, fəaliyyətlərini daha ciddi şəkildə ortaya qoysunlar ki, bu prosesin qarşısı alınsın. Bir qrup siyasətbazın, öz mənafeyini güdən şəxsin mövqeyi ilə bütövlükdə Fransa xalqının mövqeyinə münasibət bildirməkdə tələsməməliyik. Diplomatiyada da bir müdriklik, bir təmkinlik nümayiş etdirmək lazımdır ki, bu gün Türkiyə dövləti həmin mövqeyi ifadə edir. Düşünürəm ki, Azərbaycan və Türkiyənin birgə səyləri Fransada prezident seçkilərindən sonrakı dövrə düşsədə belə, bu prosesin qarşısını alacaq. - Qarşıdan ATƏT Parlament Assambleyasının qış sessiyası gəlir. Azərbaycan nümayəndə heyəti sessiyada Qarabağ məsələsini qaldırmağı planlaşdırır? - ATƏT Parlament Assambleyasının qış sessiyası yaxın günlərdə öz işinə başlayacaq. Biz hər zaman olduğu kimi bu dəfə də bütövlükdə Qarabağ məsələsi və Xocalı soyqırımı ilə əlaqədar məsələni parlamentarilərin diqqətinə çatdırmağa çalışacağıq. Bizim bu vaxta qədər səylərimiz nəticəsində sentyabr da Xorvatiyada Qarabağ məsələsinə dair ATƏT PA-nın dinləmələri keçirildi və bu dinləmələrdə kifayət qədər obyektiv mövqelər sərgiləndi. Çoxsaylı ölkələr bu məsələdə Azərbaycanın ədalətli mövqeyinə tərəfdar oldular. Düşünürəm ki, bu mövqe qurumun qış sessiyasında da davam edəcək. Hal-hazırda bəzi ölkələrin nümayəndələri ilə danışıqlar, yazışmalar aparılır ki, onlar məsələ ilə əlaqədar qış sessiyasında çıxışlar etsinlər. Ancaq hansısa bir ayrıca məsələ kimi Qarabağ məsələsinin müzakirəsi qış sessiyasında gözlənilmir. Buna baxmayaraq, sessiyada Qarabağ məsələsinin qaldırılması istiqamətində səylərimizi göstərəcəyik.