Milli Məclis sədrinin müavini Bahar Muradova Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Nigar Yaqublunun həbsinə və “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsindəki mübahisəli məqama münasibət bildirib.
Lent.az-ın verdiyi məlumata görə, Nigar Yaqublu ilə bağlı hadisənin incəliklərinin ona bəlli olmadığını söyləyən Bahar Muradova bildirib ki, humanizm nöqteyi-nəzərindən yanaşılsa, o, bu gün məhkəmə hökmü ilə həbsdə olan, istintaq altında olan xanımlarımızın azad olunması hallarının daha çox olmasını istərdi.
“Hər kəsin azad olmasını istərdim” deyən Bahar Muradova Nigar Yaqublunun “siyasi məhbus” adlandırılmasını düzgün saymayıb: “Ümumiyyətlə, bizdə qəribə bir tendensiya var. Kimin hansı cinayət törətməsi və yaxud da, kimin hansısa qəzaya düşməsi məsələsi bir yanda qalır, onun siyasi mənsubiyyəti qabardılır. Düzgün olmayaraq bu məsələ ətrafında araşdırmalara, müzakirə və diskussiyalara yol verilir. Bu da təbii ki, insanların mövqeyini tamamilə yanlış bir istiqamətə yönəldir. Ona görə də mən bu kimi məsələlərin ətrafında nə siyasi, nə də digər ajiotaj yaratmağın tərəfdarı deyiləm. Hər bir qurum öz işini görməlidir və hər kəs də qanun qarşısında cavabdehliyini özü daşımalıdır”.