Bakı Dövlət Universitetinin ən yaşlı tələbəsi AZXEBER.COM-a danışdı

Bakı Dövlət Universitetinin ən yaşlı tələbəsi AZXEBER.COM-a danışdı
GƏNCLİK
17:47 19.12.2010
3051

- Necə oldu ki, bu yaşda BDU-da təhsil almaq qərarına gəldiniz?

- Mən dünya ədəbiyyatını sevirəm. Bizim tərəflərdə, Təbrizdə bu fənn universitetlərdə tədris edilmir. Buna görə də qərara aldım ki, Bakıya gəlim və sevdiyim fənni öyrənim. Bu mənim üçün böyük xoşbəxtlikdi. Hazırda BDU Filologiya fakultəsində dünya ədəbiyyatı kafedrasında təhsil alıram.

- Bəs ailənizə və işinizə necə vaxt ayıra bilirsiniz?

 

- Ailəm məni çox gözəl anlayır və hər zaman məni dəstəkləyir. İstər həyat yoldaşım, istərsə də, uşaqlarım mənə dəstək verir. İşim Təbrizdədi və mən qiyabi oxuduğum üçün işdən icazə almağım elə də çətin olmur. Bura gəlirəm və tədrisimi başa vurduqdan sonra geri qayıdıb öz həyatıma davam edirəm.

 

- Sizin tələbə yoldaşlarınız sizdən yaşca çox kiçikdirlər. Bu sizdə kompleks yaratmır?

 

- Heç vaxt elə fikirlərə qapılmamışam. Onların hamısı mənim uşaqlarımdan da kiçikdirlər. Mənim əsas niyyətim burda dünya ədəbiyyatını daha yaxşı mənimsəmək və bu sahədə özümün elmi işlərini yazmaqdır. Təbii ki, hər bir şəxsin öz yaşına görə öz ağlı var. Öyrənmək üçün heç vaxt gec deyil.

 

- Qrupunuzda sizdən başqa yaşlı tələbələr varmı?

 

- Mən bildiyim qədəriylə bu universitetdə mənimlə yanaşı bir neçə yaşlı tələbə var. Amma, bizim kafedrada məndən başqa yaşlı tələbə yoxdur. Fakultənin ağsaqqalı mənəm (gülür)

 

- Universiteti bitirdikdən sonra Bakıda qalmaq istəyirsiniz yoxsa Cənubu Azərbaycana qayıtmaq fikriniz var?

- Hərə öz vətənini sevir. Təbii ki, ora mənim üçün daha rahatdır. Həm də mənim ailəm ordadı. Həm də mən orda işləyirəm. Amma, Bakı da mənə doğmadır. Bu şəhərin ətri və insanları məni heç vaxt darıxdırmır.

- Bəs təhsiliniz necə olacaq?

 

- Dünya ədəbiyyatında təhsil mənim istədiyim kimidir. Elmi cəhətdən çox yüklüdür. Bu da təhsilin gücündən xəbər verir. Mənim elmi rəhbərim də, müəllimlər də mənə hər zaman hörmət ediblər. Mən onların bu hərəkətlərini hər zaman bir alicənablıq kimi qiymətləndirmişəm. Mən bura çox öyrəşmişəm, qalıb burada dərs demək istəyərəm.

 

- Oxuduğunuz müddət ərzində sizdən yaşca kiçik məllim, sizə dərs deyibmi?

 

- İlk vaxtlar bir xanım müəllimə bizə dərs deyirdi. Hiss edirdim ki, o gənc olmasına baxmayaraq işini mükəmməl bilir və tələbələrlə davranış qaydalarına yiyələnib. Çox savadlı idi. Elmi cəhətdən çox məlumata malik idi və bunu bizlərə çatdırmağı bacarırdı. Bu da çox sevindirici haldır və mən həmin xanımı özümdən ağıl cəhətdən hər zaman yüksəkdə görmüşəm.

 

- Dünya ədəbiyyatından sonra yenə bir elmə yiyələnmək niyyətiniz varmı?

 

- Mənim dünyamda elmin heç vaxt yaşı olmayıb. Burda hələ ki, elmi müdafiələrimi etdikdən sonra yenə bir ədəbiyyata aid sahəni bitirmək niyyətim var.

 

- Bəs BDU-da müəllim işləmək istərdiz?

 

- Təbii ki, niyədə olmasın. Mən 7 yaşından təhsil alıram. Mənə elə gəlir kiməsə təhsil də vermək imkanım ola bilər. Ancaq, bunun üçün hələ çox çalışmalıyam.

 

Söhbətləşdi: Əfsələddin Ağalarov, Hacıbəy Heydərli

OXŞAR XƏBƏRLƏR