Noyabrın 23-də Bakı şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı orta məktəblərdə reydlərə başladı. İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirdi ki, reyd zamanı məktəblərdə şagird və müəllimlərin davamiyyəti, şagirdlərin məktəbli geyiminə riayəti, I-IV sinif şagirdləri arasında vahid məktəbli geyiminin tətbiqi ilə bağlı vəziyyət, ümumilikdə çatışmayan hər bir şey öyrəniləcək.
Jurnalistlərin iştirakı ilə həyata keçirilən reyd Bakının bütün rayonlarına şamil edilmişdi. Hansı məktəbə getmək isə media təmsilçilərinin öz ixtiyarına verildi. “Kaspi” qəzeti isə öz növbəsində Təhsil İdarəsinin nümayəndəsi ilə birgə Suraxanı rayonuna üz tutdu. Baş çəkdiyimiz məktəb isə Qaraçuxur qəsəbəsində yerləşən 104 №li orta məktəb oldu.
Həyətə daxil olarkən bizi ilk öncə divarlardakı rəngbərəng yazılar qarşıladı. Sınıq şüşəli pəncərənin yanından keçib məktəbin girişinə tərəf addımladıq. Girişdə məktəb direktoru bizi salamladı. Qeyd edim ki, binaya daxil olarkən adamda yaxşı təəssürat yaransa da, dəhlizi adlayıb sinif otaqlarına tərəf qalxdıqca bu təsəvvürlərimizdə yanıldığımız üzə çıxırdı. Dağınıq döşəmənin üstü ilə dərs keçilən siniflərə doğru irəlilədik. Köhnə divarları, sınıq-sökük qapıları, qaranlıq dəhlizləri gördükdə buranın məktəb olduğuna təəccüb etməmək olmur. İçəri daxil oluruq. 10 «j» sinfinin şagirdləri ingilis dili dərsində idilər. Davamiyyət yaxşı olsa da, şagirdlərin bilik səviyyəsinin heç də buna adekvat olmadığını gördük. Sual verdiyimiz 10-cu sinif şagirdlərindən biri dövlət himnimizin müəlliflərini tanımadı, digəri isə konstitusiyamız barədə məlumatı olmadığını söylədi. Bəlkə də elə buna görədir ki, sinif jurnalında «əla» qiymətə rast gəlmədik. Bundan başqa, məktəbli kitabçalarının əksəriyyətində həftəlik dərs cədvəlinin yeri boş idi. Fənnin adında müəllimin qiyməti olsa da keçirilən mövzular kitabçada qeyd olunmamışdı. Məktəbli forması isə qənaətbəxş idi.
Daha sonra 9 «d» sinfinə daxil olduq. Otağın giriş qapısı və yazı lövhəsinə baxmaq kifayət edər ki, sinif barəsində düşüncələrini formalaşdırasan. Burada da dərsə davamiyyət və geyim forması normal idi. Lakin, məktəbli kitabçaları demək olar ki, tamamilə nəzarətsizdir. Elə ilk əlimizə aldığımız kitabçanın ön səhifələrindən birinə dərsə adiyyatı olmayan “gözəl bir rəsm” çəkilmişdir.
Bir neçə sinif otağına baş çəkdikdən sonra məktəbin ayaqyolusuna da nəzər saldıq. Çəkdiyimiz fotolara diqqətlə baxın, məncə, əlavə şərhə ehtiyac yoxdur. Məktəbin bufeti geniş olsa da, içərisində cəmi altı stol qoyulub. Onun da üçü müəllimlər üçündür. Pirojna və digər məmulatların qiymətinin adi qiymətlərdən heç bir fərqi yoxdur. 20 qəpiklik peraşkidən alıb biz də tamına baxdıq. Etiraf edim ki, kartofu çox olmasa da, peraşki çox dadlı idi. Ümumiyyətlə, məktəbə şagirdlərin dərsə davamiyyəti, habelə istilik sistemi qənaətbəxşdir. Amma bununla yanaşı problemlər də yetərincədir. Çirkli divarlar, dağılmış döşəmə, ürəkbulandıran ayaqyolu, dərs ləvazimatlarına nəzarətsizlik, dırnaqarası qapılar və.s bunu deməyə əsas verir.
Məktəbin direktoru Kərəm Mehdiyev keçirilən reydin nəticələrinə münasibət bildirdi.
- Kərəm müəllim, bu reydin nəticəsini siz necə qiymətləndirirsiniz?
- Kafi.
- Səbəb nədir?
-Səbəb budur ki, bina 1969-cu ildə tikilib, hələ də əsaslı təmir olunmayıb. Məktəbin öz daxili imkanları hesabına indiki vəziyyəti saxlaya bilirik. 2012-ci ilə qədər köhnə korpusumuz əsaslı təmir olunacaq.
Direktor şagirdlərin bilik səviyyəsinə də fikir bildirdi: “Builki qəbul faizimizə görə 115 şagird məktəbi bitirib, 51-i ali məktəbə qəbul olub. 4 nəfər 600-dən yuxarı, 11 nəfər 500-dən çox bal toplayıb. Düzdür, zəif şagirdlərimiz də çoxdur, inşallah onlarla da məşğul olarıq”.
- Kərəm müəllim, məktəbli kitabçalarına nəzarət olunmur, buna münasibətiniz necədir?
- Mən biləni gündəliklərdə hər şey qaydasında olmalıydı. Həftəlik sinif rəhbərləri yoxlayırlar, ayda bir-iki dəfə isə müavinlər tərəfindən yoxlanılır. Məktəbin 2003-cü ildə istifadəyə verilən yeni korpusunda isə hər şey qaydasındadır. İbtidai siniflərin dərs keçdiyi bu korpusda otaqların hərarəti, şagirdlərin məktəbli geyimi və dərsə davamiyyəti normal idi. Onu da xatırladaq ki, monitorinqlər hələ bir həftə davam edəcək və Bakının bütün rayonlarını əhatə edəcək. Bu zaman Təhsil İdarəsinin tələblərini yerinə yetirməyən məktəb və şagirdlər haqqında ölçü götürüləcək.
Elgün Mənsimov