Bakıda gəmidə baş verən partlayışla bağlı ilkin vesiya irəli sürülüb

Bütün Xəbərlər
10:10 15.02.2011
1901

Bakıda “Şirvan” gəmisində baş verən partlayışın səbəbi məlum olub. “İlham Allahverdiyev” adına Gəmi Təmiri və Gəmiqayirma Zavodunun şöbə müdiri Kənan Məmmədovun ANS-ə verdiyi məlumata görə, “Şirvan” gəmisinin burun hissəsində baş verən yanğına partlayış yox, elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Qeyd edək ki, Azərbaycan Dövlət Dəniz Adminstrasiyası (ARDDA) “Şirvan” quru yük gəmisində baş vermiş partlayışla bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, fevralın 14-də saat 19:00-da Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (XDG) “İlham Allahverdiyev” adına Gəmi Təmiri Zavodunda təmirə dayanmış, XDG-yə məxsus “Şirvan” quru yük gəmisinin burun hissəsində yanğın baş verib. Saat 23.00-da FHN yanğından mühafizə dəstələrinin müdaxiləsi nəticəsində yanğın söndürülüb. Baş verən partlayışdan 3 nəfər xəsarət alıb.

Zavodun çilingəri Qarayev Rakif Yurka oğlu göstərilən tibbi yardıma baxmayaraq, xəstəxanada vəfat edib, digərləri – adıçəkilən zavodun baş mühəndisi Mirzəyev Şaiq Nəsib oğlu və elektrik qaynaqçısı Qarayev Yurka Humay oğlu tibb müəssisəsinə yerləşdirilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının, və prokurorluq orqanlarının mütəxəssisləri tərəfindən hadisə yerində hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, bu gecə Xəzər dənizinin Bakıdakı Şıxlar sahilində təmirə dayanan gəmidə baş verən hadisə ilə bağlı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyindən verilən ilkin məlumatda bildirilirdi ki, fəmidə qaynaq işləri aparılan zaman əvvəlcə yanğın, ardınca isə partlayış olub.


 

OXŞAR XƏBƏRLƏR