Ekspertlər yeni təmayülün üstün cəhətləri və perspektivlərindən danışır
Son vaxtlar Bakıda yeni biznes və xidmət növü formalaşmağa başlayıb ki, bu da, istər-istəməz, diqqəti cəlb edir. Məsələ ondadır ki, yeni xidmət növündən istifadə edənlər bir növ evdə oturmaqla pul qazanmaq imkanı əldə edir. Belə ki, müxtəlif sifarişlər qəbul edən vətəndaşlar çox az kapitalla biznesin bu yeni növündən faydalana bilər.
Sözügedən xidmət növü bir sıra fərqli sahələri əhatə etmək gücündədir. Məsələn, ofisdə çalışanlar üçün yemək sifarişi qəbul etmək və onu evdə hazırlamaq, mühasibat işlərini görmək, hər hansı konsaltinq xidmətlərin göstərilməsi, internet üzərindən elektron ticarətin həyata keçirilməsi və s. sözügedən yeni xidmət növünə aid edilir. Müşahidələr göstərir ki, yeni xidmət növü çox cəlbedicidir. Bunun səbəbi onunla izah olunur ki, yeni xidmət növü digərlərilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Tutalım, konsaltinq xidmətilə məşğul olmaq üçün ofis kirayələmək, işçi saxlamaq, kommunal xərcləri ödəmək və s. tələb olunur. İşə getmək üçün nəqliyyat xərclərini, vaxt itkisini də nəzərə alanda vəziyyət bir qədər də çətinləşir. Çünki bütün bunların hamısı pul və vaxt itkisi deməkdir. Ancaq hər hansı konsaltinq xidmətini evdə internet üzərindən həyata keçirdikdə yuxarıda sadalanan xərclərə ehtiyac qalmır. Nəticədə daha çox qazanmaq imkanı yaranır. Maraqlıdır, Azərbaycanda sözügedən xidmət növünün gələcək perspektivləri necə qiymətləndirilir?
Ekspert Elxan Mikayılov yeni biznes növünün bir sıra üstünlüklərə malik olduğunu bildirdi. Onun sözlərinə görə, ümumilikdə bu tipə aid olan bir sıra xidmət növləri var: "Adətən buna deyirlər evdə göstərilən xidmət. Bütövlükdə sözügedən xidmət növünün olduqca böyük üstünlükləri var ki, bu da adıçəkilən xidmət növünün ciddi inkişaf perspektivlərindən xəbər verir. Ona görə ki, bu xidmət növü üçün tələb olunan ilkin kapitalın həcmi olduqca aşağı səviyyədə olur. Digər tərəfdən, yeni xidmət növünə çəkilən dövriyyə xərcləri də, digərləri ilə müqayisədə, qat-qat aşağı olur. Yəni çox kiçik bir məbləğlə bu biznesi qurmaq mümkündür. Buna autsosinq xidmətləri də deyirlər. Yəni gələcəyin biznesi bu tip xidmətdədir. Son vaxtlar bu xidmət növü Azərbaycanda da inkişaf edir. Bura intellektual, internet üzərindən göstərilən xitmətlər daxildir. Əsasən tərcümə və konsaltinq xidmətləri üstünlük təşkil edir. Bütün bunlar məhz autsosinq xidmət növlərinə aiddir və çox effektli hesab olunur".
E.Mikayılovun açıqlamasından belə məlum oldu ki, qarşıdakı illərdə Azərbaycanda bu xidmət növünün ikisi daha çox inkişaf edəcək: "Bunlardan biri intellektual xidmətlərdir. Yəni konsultasiya xarakterli xidmətlərin göstərilməsi artacaq. Bu zaman tərcümə və mühasibat xidmətləri üstünlük təşkil edəcək. İkincisi isə, elektron ticarətlə bağlı xidmətlərin inkişaf edəcəyi gözlənir. Xüsusən də elektron alqı-satqı, elektron vasitəçilik xidmətlərinin artacağı istisna olunmur. Ümumilikdə bu tip xidmətlər Qərb ölkələrində yüksək səviyyədə inkişaf etdiyi üçün, güman edirəm ki, bunun Azərbaycanda da geniş yayılmasının şahidi olacağıq".
//Baki-Xeber