Bakıdan böyük miqdarda pulla çıxmaq istəyən yaponlar saxlanıldı

Bütün Xəbərlər
07:26 30.04.2011
1878

AZXEBER.COM portalının Dövlət Gömrük Komitəsinin internet saytına istinadən verdiyi məlumata görə, Yaponiya vətəndaşları Katsunori Hyodo və Kota Kido TK-333 saylı Bakı-İstanbul aviareysi ilə Türkiyəyə, oradan isə tranzit olaraq Çin Xalq Respublikasının Honq Konq şəhərinə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gəlib və gömrük nəzarəti zonasına daxil olublar. Gömrük nəzarətindən keçərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci sərnişin şöbəsinin əməkdaşı həmin sərnişinlərin üzərində və baqajında mütləq qaydada bəyan ediləsi malların olub-olmaması barədə şifahi sorğu-sual aparıb. Onlar mütləq bəyan olunası valyuta və digər əşyaların olmadığını bildiriblər. 
K.Hyodonun hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğundan, o, nəzarətə götürülüb. K.Hyodoya məxsus yaşıl rəngli bel çantası X-Ray aparatından keçərkən içərisində olan pul əskinaslarına oxşar əşyaların təsvirləri monitorda əks olunub. Həmin bel çantasına müvafiq qanunvericiliyə uyğun olaraq təkrar baxış keçirilib. Baxış zamanı oradan gömrük nəzarətinə təqdim olunmamış, gömrük baxışından əvvəl şifahi sorğu-sual zamanı bəyan olunmamış 1283  ədəd, hər biri 100 AZN nominalında pul əskinasları aşkar olunub. Bundan sonra K.Hyodonun üzərində şəxsi yoxlama aparılıb və əlavə olaraq 43000 Yapon yenası, 5000 İran rialı, 3840 Honq Konq dolları, 1360 Filippin pesosu, 1032 ABŞ dolları, 355  Avro, 512  ÇXR yuanı, 40 Türkiyə lirəsi aşkar edilib. 

Onunla birlikdə gedən digər sərnişində mütləq qaydada bəyan ediləsi malların olması barədə şübhə yarandığına görə Kota Kido təkrar yoxlamaya dəvət olunub. K.Kidonun əlindəki qara rəngli, üzərində “Basic” sözü yazılmış çantanın içərisindəki şəxsi əşyaların arasında olan selofan paketə baxış keçirilərkən, orada gömrük nəzarətinə təqdim olunmamış və gömrük baxışından əvvəl şifahi sorğu edilərkən bəyan olunmamış 1200 ədəd, hər biri 100 AZN nominalında pul əskinasları aşkar olunub. Bundan sonra K.Kidonun üzərində də şəxsi yoxlama aparılıb, əlavə olaraq 670 min Yapon yenası, 3370 Honq Konq dolları aşkar olunaraq protokol əsasında götürülüb.

 

OXŞAR XƏBƏRLƏR